Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (164-cü say) təqdim edir.

Çox şükür ki, yaz gəldi. Daha mənim qısaqol köynəyimə lağ eləyən olmayacaq. Havalar bir az isinsin, paltoda bir qəşən fotom var, xəbərləri o fotoyla təqdim edəcəyəm.
Palto demişkən, yadıma şou-biznes düşdü. Soruşacaqsız ki, nə əlaqəsi? Guya bu aləmdə baş verən hansı hadisənin normal bir şeylə əlaqəsi, yaxud məntiqi bağlılığı olur ki. Başladıq...
Təranə Qumralın Nazəninlə davası bitməmiş, Könül Kərimovayla müharibəsi başlayıb. Bildiyimə görə, Könülün Təranəylə apardığı dava öz davası deyil. Başqa sözlə desək, o, bu məsələdə Cabbar Musayevin vəkili obrazında çıxış edir. Yəqin ki, Cabbarın Musa Musayev barədə "heç Fransada elə biqeyrət yoxdur" cümləsini və Təranənin bu sözə verdiyi cavabdan da xəbərdarsınız. Çox qəribədir ki, bu qədər söhbətlərdə nə Cabbar Musayevin həyat yoldaşının, nə oğlunun, nə başqa qohumların adı keçmədi. Təkcə Könül Təranəylə davaya qalxdı. Vallah, heç bəzi qadınlar öz ərlərinin tərəfini belə saxlamırlar. O gün də Könül deyib ki, Təranəylə Musa olan verilişə gəlmirəm. Təranəni başa düşdük, bəs Musanın günahı nədir? Hə, o başqa məsələdir ki, Musa beş il öncə dediyi sözün altını bu gün də çəkir. Düz demişdi, səhv idi, o başqa məsələ. Təranəni başqa kişiylə tutması xəbərini deyirəm.
O gün verilişə baxıram. Mətanət İsgəndərli deyir ki, kürəkənim (Türkiyə türküdür) mənə "hacı anne" deyir. Söhbət necə ağlıma batdısa, istədim oğlumu çağırıb deyəm ki, əgər sənin gələcək həyat yoldaşın mənə imam ata deməsə, evlənmə. Ya da seçim edək, mənə o cür müraciət edən qızla evlən. Nöşün ki, əgər Mətanət hacı annedirsə, onda mən dünəndən imam atayam. Amma türklər də ikibaşlı danışan olur. Bəlkə də yarızarafat Hacı Məmmədov məsələsindən xəbərdar olduğuna işarə vurur. Axı o vaxt Mətanətin adı bir sıra kriminal məsələlərdə hallanmışdı.
"Eurovision" təmsilçimiz Səmra Rəhimlinin anası deyib ki, qızı bağlı da, qısa da geyinə bilər. Allah üzümüzə baxıb, deməyib ki, istəsə heç geyinməz.
Aktrisa Könül Yusifqızının axır vaxtlar verdiyi açıqlamaları çox bəyənirəm. Real danışır, səmimidir, gerçəklikləri danmır. Sitatı oxuyun:
"Ərə dözmək asandır, amma pullu sevgilini əldə saxlamaq çətin".
Könül hər şeyi yaxşı deyib, bircə şeyi unudub. Əri yola verib, pullu sevgilini əldə saxlayanlardan da yazsaydı, maraqla oxuyardıq.
"Toppuş bacı" kimi tanıdığımız aktrisa Tünzalə Əliyeva öz aləmində babat açıqlama verib. Sitat: "Tamaşaçı mənim evimdəki mebeli görməsə, sənətimi izləməyəcək?"
Əla münasibətdir. Ancaq T.Əliyevanın özü dediyinə nə dərəcədə əməl edir. Qayınanasının, ərinin, əmisi qızının xalası gəlininin fotolarını Tünzalədən çox paylaşan yoxdur. Hələ yemək bişirməyini, ev işləri görməyini fövqəladə istedad kimi təqdim etməyini demirəm.
O gün verilişdə bir sənətçi deyir ki, işimiz ağırdı. Soruşuram ki, niyə? Deyir səhər tezdən durub bəzənirik, çəkilişə gedirik, ev işləri görürürk. Orada cavab verməyə fürsət olmadı. Amma buradan yazsam, həmin sənətçi, yəni, Nura Suri, yəqin ki, özü oxuyacaq. Rayon yerlərində qadınlar var ki, beş uşağa, ərə, qayınanaya, qayınataya baxır, səkkiz inək sağır, bir hektarlıq həyətin alağını edir. Bəs o qadınları ana doğmayıb? Mən demirəm ki, Nura Suri, yaxud Tünzalə Əliyeva da inək sağsın. Amma heç olmasa, gündəlik rejimlərini camaata ağır iş kimi soxuşdurmasınlar.
Milli.Az