“Bu, soyuq müharibənin başlanması və davamıdır” – Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Moskva Böyük Britaniyanın sabiq rusiyalı casus Sergey Skripalın və onun qızı Yuliyanın İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını deyib.

Metbuat.az-ın məlumatına görə, Britaniyanın Baş naziri Tereza Mey bildirib ki, hökümət Britaniyanı pisniyyətli ölkədən qoruyacaq qanun layihəsi və yeni casusluq əleyhinə tədbirlər hazırlayacaq. Rusiya zəhərlənmədə əlinin olduğunu inkar edib, Xarici İşlər Nazirliyi Meyin sözlərinin “iki ölkə arasındakı normal dialoqun təməlinə xələl gətirən görünməmiş, biabırçı provokasiya” olduğunu bildirib. Mey isə qeyd edib ki, Moskva bu məsələyə "sarkazm, hörmətsizlik və laqeyidsizliklə yanaşıb”.

Ötən gün isə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev XİN-ə dəvət olunub.Andreyev məsələ ilə əlaqəli məlumatın Polşa tərəfindən veriləcəyini deyib. Eyni zamanda, Rusiyanın Latviya, Litva və Estoniyadakı səfirləri də adıçəkilən ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıblar. Səfirlərin nə üçün XİN-ə çağırıldıqları ilə bağlı ətraflı məlumat verilmir. Bu gün isə rəsmi Vaşinqton 60 rus diplomatı ölkədən çıxaracağını açıqlayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, Böyük Britaniya və Rusiya arasında yaşanan Skripal problemindən sonra, bu diplomatların ölkədən çıxarılması məsələsi gözlənilən idi:

“Skripal məsələsində Böyük Britaniyanın ərazisindən çıxaracağı diplomatların içərisində onların kəşfiyyat fəaliyyəti ilə məşğul olan və rezidenturada təmsil olunan diplomatların olması gözlənilirdi. Bu addımı da atdı. O siyahıda adı keçən, Böyük Britaniya ilə Skripal məsələsinə görə həmrəy olan dövlətlərin ölkələrində olan səfirlik və konsulluqlarda da açıq kəşfiyyat xidmətləri ilə məşğul olan şəxslərin ölkədən çıxarılması haqqında qərar qəbul olundu.

Məlum məsələdir ki, Amerika Birləşmiş Ştatlarının ərazisindən çıxarılacaq olan tək 60 diplomat deyil, bunların diplomatik şöbədə bir çox fəaliyyəti olan diplomatları da var, hətta Birləşmiş Millətlər Təşkilatında da. Onlar konkret olaraq kəşfiyyat fəaliyyətində şübhə doğuran şəxslərin ölkədən çıxarılması haqqında qərar qəbul edirlər. Çünki Skripalla bağlı məsələdə məhz kəşfiyyatın gördüyü işlərə şübhə daha çoxdur, hələ sona qədər sübuta yetirilməsə də belədir.

60 nəfərdən əlavə, hər ailədə 3-4 nəfər olsa, bu, 200-300 nəfər yaxın şəxsdir. Bu, soyuq müharibənin başlanması və eyni zamanda davamıdır. Düşünürəm ki, Rusiyaya qarşı tətbiq olunan siyasi, iqtisadi və digər sanksiyalardan sonra diplomatik sanksiya da bu istiqamətdə olur.

Dünya praktikasında da belə məsələlər var ki, kəşfiyyat fəaliyyəti ilə məşğul olması şübhə doğuran şəxs həmin ölkədən çıxarılırsa və ya ekstradisiya olunursa, digər ölkədən də həmin şəxslərə adekvat olan şəxslər çıxarılır. Yəqin ki, Rusiya da buna cavab olaraq həmin addımı atacaq. Bir daha qeyd edirəm ki, bu, yaxşı hal deyil. Çünki artıq diplomatik səviyyədə bu proseslər başlayıbsa, dünyanın Böyük Britaniya ilə həmrəy olan ölkələrinin sayı daha da çox olacaq. Yəni, bildiyiniz kimi, Breksit məsələsində Britaniyanın əleyhinə olan dövlətlər Skripal məsələsində məhz Rusiyaya qarşı bu cür addımlar atırlar. Bu isə dediyim kimi, soyuq müharibənin davamıdır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Türkiyə İraq və Suriyada özünə təhlükəsizlik zolağı qurmalıdır” - Politoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı