Birlikdə araq içdikdən sonra tanışını öldürməkdə təqsirləndirilən 1964-cü il təvəllüdlü Çobanov Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə mərhum Hikmət Babayevin qardaşı Səlim Babayev şahid qismində ifadə verib.

O bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı məlumat aldıqdan sonra onu axtarmağa başlayıblar:

"Sonuncu dəfə qardaşımın Bəxtiyarla danışdığını dedilər. Onu axtardıq. Amma görüşmək istəmədi, qardaşımdan xəbərsiz olduğunu dedi. Biz də evinə getdik. Qapının ağzında içərisində qanlı parçalar olan vedrə gördüm. Bəxtiyardan soruşdum ki, bu nədir? Dedi ki, toyuq kəsmişəm. Dedim ki, bu toyuq kəsməklə çıxacaq qan deyil. Yerdə çoxlu qan izləri var idi".

Təqsirləndirilən şəxs mərhumun qardaşından bağışlanmasını istəyib. Amma şahid onu bağışlamayacaqlarını bildirib.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Sənədlərin tədqiqi mərhələsi başlayıb.

Prokuror Bəxtiyar Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə martın 29-da davam edəcək.

Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahiddin oğlunu qətlə yetirib. Onlar Bəxtiyar Çobanovun evində yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqla zərbə endirib.

B.Çobanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.