Quş dilinin əlifbası yaradılacaq

Türkiyənin Giresun vilayətinin Çanaxçı rayonunun Kuşköy kəndində dərələr arasında fitlə ünsiyyət qurmağı təmin edən və gələcək nəsillərə ötürülməsi üçün hər il festivalı təşkil olunan quş dili təxminən 500 ildir istifadə edilir.

Cənubi Koreyanın Jeju adasında ötən il dekabr ayında keçirilən YUNESKO-nun sessiyasında yekdilliklə YUNESKO Təcili Qorumaq Tələb edən Konkret Olmayan Mədəni İrs siyahısına salınan quş dilinin əlifbasının yaradılması üçün Türkiyənin Giresun Universitetində iş başladılıb.

Universitetin professoru Dr.Musa Gənc Kuşköy kəndində olduğu kimi dünyanın bəzi ölkələrində fitdən ünsiyyət vasitəsi kimi istifadə edildiyini söyləyib.

Professor yüzlərlə ildir varlığına baxmayaraq, fit dilinin əlifbasının olmadığına işarə edərək, "bu mədəni irsimizi gələcək nəsillərə ötürmək istəyirik. Bunun üçün fit dilinin əlifbasını yaratmaq üçün işçi qrupu yaradacağıq. Universitetimizin tərkibində olan musiqiçi və dilçi alimlərdən ibarət bu komissiya kəndə gedəcək və əlifba yaratmağa başlayacağıq", - deyə bildirib.

Qeydə alacaqları fit dilini notlara köçürəcəklərini, musiqiçi və dilçilərin isə notları redaktə edəcəyini deyən Gənc belə söyləyib:

"Layihə başa çatanda insanların ünsiyyət üçün istifadə etdiyi fit dili daha geniş və beynəlxalq səviyyədə istifadə ediləcək dilə çeviriləcək. Oksford İngilis dili necə varsa, Kuşköy kənd fit dili də olacaq. Beləliklə, mədəni irsimiz daha yaxşı müdafiə olunaraq, gələcək nəsillərə ötürüləcək"./FaktXəbər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR