“Həsən Ruhaninin Qarabağla bağlı fikri çox ciddi bəyənatdır” – Tahir Kərimli

“Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik”.

Metbuat.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycana iki günlük rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyənatlarla çıxış edən zaman bildirib. İran dövlət başçısı qeyd edib ki, şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir”.

Millət vəkili Tahir Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, çox yaxşı haldır və diplomatiyamızın uğurudur ki, Azərbaycan prezidenti yaxın dövlətlərlə, məsələn, Türkiyə, Rusiya, İran dövlətlərilə yanaşı, digər böyük dövlətlərin prezidentləri ilə bir sırada yer alır: “Hər şeydən əvvəl Azərbaycanın təşəbbüsü ilə proseslər yaxşılaşdırılır. Ümumiyyətlə regionda Ermənistandan başqa bütün dövlətlərlə qardaşlıq, sülh münasibətində olmaq bizim üçün həqiqətən də lazımdır. Heç şübhəsiz, bu təşəbbüslərin, ikitərəfli, üçtərəfli, dördtərəfli görüşlərin təşəbbüskarı Azərbaycan prezidentidir. Bunu birmənalı şəkildə hamı qəbul edir. Xüsusilə də bunun nəticəsidir ki, İran prezidenti çox konstruktiv təklif irəli sürür.

Açığını demək lazımdır ki, bir çox insanlar Ermənistana səfərlər edir, bəziləri Ermənistan üçün nəfəslik rolunu oynayır, onları maddi nemətlərlə təmin edirdi. İndi isə İran prezidenti birbaşa bəyan edir ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Çünki beynəlxalq hüquqda birbaşa ərazi bütövlüyünün qeyd olunması Azərbaycanın marağında olan məsələrdir. Beynəlxalq hüquq Ermənistana haqq vermir, Azərbaycana haqq verir. Ona görə də bu, çox ciddi bir bəyənatdır. Bu həm də birbaşa ermənilərin ziyanınadır, onların ümidlərini puç edir.

Bilirik ki, bəzən ermənilər ümid edirlər ki, İran Ermənistanın tərəfini tutar. Ancaq tarixən, mədəni və digər cəhətlərlə eyni olan Azərbaycan və İranın fikirlərinin üst-üstə düşməsi alqışlanmalıdır. Böyük dövlət olan İranın prezidenti Azərbaycanın ərazi bütövlüyünün tərəfində olduqlarını bəyan elədi. Bu, çox önəmlidir və Azərbaycana verilən dəstəkdir. Mənə elə gəlir ki, bu münasibətlər getdikcə daha da inkişaf edəcək, bu, çox faydalıdır.

Bir şeyi qeyd etmək istəyirəm, İran tərəfi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə inanmır. Təbii ki, böyük qonşu dövlət kimi bəlkə də haqlıdır bu məsələdə ki, münasibətlərin Azərbaycana və İrana ən yaxın olan Türkiyə, Rusiya, Gürcüstan və İran qonşularının simasında həlli variantına daha çox üstünlük verir. Yəni, bir sözlə tərəflər arasında vasitəçi kimi çıxış etməyi hər zaman bəyan edib. Ona görə də belə hesab edirəm ki, doğrudan da ATƏT-in Minsk qrupu özünü doğrultmadığı halda onun da bu məsələyə haqqı var. Hesab edirəm ki, artıq bu cür bəyənatlar birmənalı şəkildə həm faktiki, həm hüquqi cəhətdən Azərbaycana dividentlər gətirir.

Qeyd edim ki, Xəzər dənizi məsələsi və dəmir yolu qovşağının açılmağı da Azərbaycan-İran münasibətlərini daha da gücləndirir. Biz bunu ancaq alqışlayırıq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xəzərdə mübahisəli yataqlar hər iki xalqa fayda gətirəcək” – Azər Badamov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı