“İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün bu razılaşma mühüm əhəmiyyət kəsb edir”
Bu sözləri Publika.az-a İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini və səfər çərçivəsində imzalanan razılaşmaları şərh edən politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, İranın Xəzərin hüquqi statusu əsasında Azərbaycanla razılaşmasının əsas səbəblərdən biri qonşu dövlərlərlə münasibətlərini yaxşılaşdıraraq, özünü beynəlxalq sanksiyalardan qorumaqdır:
“Azərbaycan 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsini” imzaladıqdan sonra İran olduqca kəskin münasibət sərgiləməyə başlamışdı. Qərbin Cənubi Qafqazda, eləcə də Xəzər bölgəsində möhkəmlənməsini istəmirdi. ABŞ, Böyük Britaniya, İsrail və digər ölkələrin burda iqtisadi-siyasi, hərbi iştirakı İranı ciddi şəkildə narahat edirdi. Lakin sonradan böyük altılıq ölkələri ilə İran arasında nüvə sazişi imzalandıqdan sonra vəziyyət yavaş-yavaş dəyişdi. Bundan sonra İran bir sıra Avropa Birliyi ölkələri ilə münasibətləri yaxşılaşdırmağa başladı. Burada da İranın əsas məqsədi ABŞ-ın təzyiqlərindən qorunmaq idi. Məsələn, Tramp adminstrasiyası istəyir ki, İranla nüvə sazişini ləğv etsin. Amma Avropa Birliyi ölkələri buna qarşı çıxaraq, İranı müdafiə edir. İndi İran təcrid olmamaq üçün məcburdu ki, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırsın. Ermənistanla isə münasibətləri ona görə qoruyur ki, bu onun Avropa ölkələrinə çıxışı üçün vacibdir. İran-Ermənistan sərhədində azad ticarət zonası yaradılır. Azərbaycanla razılığa isə ona görə gəlib ki, indiki vəziyyətdə İranın Azərbaycana hava-su qədər ehtiyacı var. İranın daxilində baş verən inqilablar, ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə İranı sıxışdırması, eləcə də bir sıra digər siyasi proseslər İranı təşvişə saldı və nəticədə iki ölkə arasında ziddiyyətli məqamları müzakirə edərək müsbət istiqamədə əməkdaşlığa sövq etdi.

Onu da bilirik ki, İran öz növbəsində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə qoşulmaq istəyir. Bunun baş verib-verməyəcəyi isə Azərbaycanla iqtisadi-siyasi münasibətlərin səviyyəsindən asılıdır. İran özünün kommunikasiyalarını bərpa edərək, sosial-iqtisadi yüksəlişi üçün şərait yaratmağa çalışır. İran əvvəlki vəziyyətinə qayıtmamaq üçün qarşıda duran bütün əməkdaşlıqları qəbul etməyi planlaşdıra bilər. Əks halda ölkədə sosial vəziyyət aşağı düşəcək və əhali arasında ixtişaşlar artacaq”.
O, İranın Ermənistanla bağlı etdiyi səhvi başa düşməsindən məmnun olduğunu bildirib:
“İran öz səhvini başa düşüb və təcriddən çıxmaq üçün yollar axtarır. Bu gün İranın Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın İrana. Azərbaycan yaxşı başa düşür ki, heç bir ölkə digəri ilə iqtisadi-siyasi əlaqələri tamamilə kəsə bilməz. Amma yenə də İran prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan diplomatik danışıqlar əsasında əldə edilən razılaşmanın, iki dövlət üçün bundan sonrakı mərhələlərdə uğurlu tərəfdaşlığa səbəb olacağına ümid edirəm. Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün iki ölkə arasındakı gərginliyin aradan qalxması olduqca sevindirici haldır. Yaxın gələcəkdə İranın Azərbaycana qarşı mövqeyi əldə edilən razılaşmanın nə dərəcədə önəmli olmasını, eləcə də illərdir davam edən neqativ münasibətin nə dərəcədə azalmasını göstərəcək. Bu gün Azərbaycan olduqca güclü dövlətdir və bir çox beynəlxalq layihələrin üzvüdür. Azərbaycanın Ermənistan istisna olmaqla, digər bütün dünya ölkələri ilə stabil münasibətləri var. Bu səbəbdən Azərbaycanın dostu olmaq İran üçün çox faydalıdır”.
Könül Cəfərli