Bitkoini olanlar MÜTLƏQ OXUSUN - Qiymət yenidən düşəcək / AÇIQLAMA

Dünyanın aparıcı rəqəmsal valyutalarından sayılan bitkoinin bu ilin əvvəlindən ucuzlaşmasının səbəbləri açıqlanıb.

Metbuat.az bildirir ki, mediada yer alan xəbərə əsasən, qiymət azalmasına 5 amil təsir edib. ICO (Initial Coin Offering – ilkin valyuta təklifi) sahəsində fəallığın aşağı düşməsi, “Facebook” və “Alphabet”in ICO-nu reklam edən onlayn elanların yerləşdirilməsinə qadağa qoyması, Bazar iştirakçıları bitkoinin ucuzlaşması ilə bağlı mərc gələ bilməsi (belə ki, dekabrda “Cboe Global Markets İnc.” və “CME Group Inc.” kimi nəhəng birja operatorları bitkoinlə fyuçers əməliyyatlarına xidmət etməyə başlayıb. Nəticədə ilk dəfə olaraq iri ticarət platformalarında bitkoinin ucuzlaşmasına oynamaq mümkün olub), haker hücumlarına qarşı təhlükəsizlik probleminin həll edilməməsi, bitkoinlə əməliyyatlarda fəallığın azalması (Ötən ilin IV rübündə bitkoinlə tranzaksiyaların sayı 400 mini keçirdisə, bu ilin I rübündə bu göstərici 200 min ətrafında olub) virtual valyutanın ucuzlaşmasına səbəb kimi göstərilib.

Bitkoinin ucuzlaşma səbəbləri ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Tahir Mirkişili bildirib ki, virtual valyutanın qiyməti insanların tələb və təklifi ilə bağlıdır:

“Təbii ki, bazarda baş verən hər hansı bir hadisə, söz-söhbət, həmçinin bu valyutanın arxasında qızıl və ya digər ehtiyatların durmaması qiyməti sabitləşməyə qoymur. Bu cəhətdən baxsaq, valyuta haqqında spekulyativ informasiyaların yayılması bitkoinin qiymətinin birdən-birə düşməsinə gətirib çıxardı. Eyni zamanda, digər birjalarda da bildiyiniz kimi kriptovalyuların istifadəsi ilə bağlı müəyyən qadağaların qoyulması, yaxud da bir çox dövlətlərin verdiyi bəyanatlar bu valyutaya olan inamı azaltdı. Nəticədə bitkoinin qiyməti düşməyə başladı”.

İqtisadçı Rəşad Həsənov isə qeyd edib ki, bitkoinin ucuzlaşmasına təsir edən iqtisadi səbəbdən çox digər məsələlərdir:

“Bitkoin ötən il sürətlə bahalaşan zaman onun yenidən ucuzlaşacağı proqnozlaşdırılırdı. Yəni, bahalaşmanı şərtləndirən faktor sadəcə ajiotaj idi. Qiymətlərin ucuzlaşması gözlənilirdi. Sonra bir sıra məsələlər gündəmə gəldi. Təbii ki bu gün, xüsusilə qlobal iqtisadi subyektləri narahat edən əsas məsələlərdən biri bu valyuta növünün riskli olması, eyni zamanda zəmanət səviyyəsinin çox aşağı təşkili məsələsidir. Çünki bitkoinlərdən, ümumiyyətlə kriptovalyutadan istifadə cinayətkar qrupların cinayətməqsədli fəaliyyətlərinə geniş şərait yaradır. Bu imkanlardan istifadə etməklə dünyada nəzarət olunmayan pul kütləsinin dövriyyəsi yarana bilər. İstənilən məqsədlər üçün, dünyanın hər hansı bir yerindəki prosesi maliyyələşdirmək mümkündür. Bu məsələ qlobal bank sisteminin ən mühüm probemlərindən birinə çevrilməkdədir.

Zəmanətin olmaması

İkincisi isə zəmanətin olmaması məsələsidir. Çünki faktiki olaraq bu valyuta növünün arxasında heç bir iqtisadi güc dayanmır. Bu valyuta növünün əlavə dəyər yaratma imkanı yoxdur. Belə bir şəraitdə, bu, bazar iştirakçılarını narahat etməli idi. Həmçinin bu prosesə dünya mərkəzi banklarının federal ehtiyat sistemini, Avropa Mərkəzi Bankı, xüsusilə Böyük Britaniya, Yaponiya Mərkəzi bankları tərəfindən son dövrlər ardıcıl olaraq xəbərdarlıqların edilməsi bazarlara təsirini göstərir. Bundan əlavə, artıq bu sistemin özünün texnoloji baxımdan riskli olması məsələsi də var. Kriptovalyuta sisteminin hakerlər tərəfindən sındırılması dəfələrlə baş tutub. Bu da proseslərə öz təsirini göstərib.

Qiymətlər yenidən düşəcək

İndiki halda qiymətləri ucuzlaşdıran əsas məqam məhz valyutanın bu növünün tədavülün hüquqi bazasının formalaşması və mexanizmlərin sərtləşdirilməsi istiqamətində birmənalı rəyin olmasıdır. Əvvəlcədən də proqnozlaşdırılırdı ki, kriptovalyutanın tədavülü prosesinin hüquqi təminatı üçün ehtimallar artdıqca, qiymətlər düşəcəkdi. Çünki bu, müəyyən bir sosial qrupun marağına aid bir valyuta növüdür. Bu qruplar öz nəzarətolunmayan məqsədlərini yerinə yetirmək üçün valyutanın bu növündən istifadə edərək göstərirdilər. İndiki halda müxtəlif ölkələrdə bu istiqamətdə faliyyətlər baş verir. Avropa Mərkəzi Bankı bu istiqamətdə mövqeyini ortaya qoyub. Artıq tənzimlənmə mexanizmlərinin üstündə işlər gedir. Bu proseslər son nəticədə kriptovalyutanın dəyərsizləşməsinə gətirib çıxaran faktordur. Düşünürəm ki, bu proses yenə də davam edə bilər. Çünki faktiki olaraq arxasında heç bir iqtisadi dəyərin dayanmadığı valyuta növünün hazırki qiyməti yenə də real deyil. Bazarlar çalxalandıqca, bitkoin hüquqi təminatını formalaşdırdıqca, valyuta öz dəyərini tapma istiqamətində dinamika nümayiş etdirəcək. Bu isə onun dəyərinin növbəti dövrlərdə indikindən qat-qat aşağı olması ilə şərtlənə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kriptovalyuta birjasının rəhbəri saxlanıldı - Cənubi Koreya prokurorluğu araşdırma başlatdı – TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR