“Azərbaycan Qoşulmama Hərəkatında özünü xarici siyasətiylə təsdiq edir” – Elman Məmmədov

Xəbər verdiyimiz kimi, Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Qoşulmama Hərəkatının əhəmiyyəti barədə Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında olduğunu xarici siyasətiylə təsdiq edir: “Yəni, heç bir qruplaşmaya, heç bir bloka qoşulmamaqla bəyan edir ki, Azərbaycan sülh dövlətidir, sülh tərəfdarıdır. Qonşu dövlətlərlə münasibətləri əməkdaşlıq, dostluq, tərəfdaşlıq üzərində qurulub. Biz, müharibə, işğalçılıq və terrorun əleyhinəyik. Bunları bəyan edirik və hamını da bu Hərəkata qoşulmağa dəvət edirik. Azərbaycan bununla sülhsevərliyini, humanistliyini nümayiş etdirir, hamıya qapımızın açıq olduğunu, hamı ilə dost münasibətində olduğumuzu bəyan edirik. Eyni zamanda fürsətdən istifadə edib öz problemlərimizi ortaya qoyuruq. Biz bu yoldayıq, bu siyasəti həyata keçirik, bildiririk ki, biz sülhün tərəfdarıyıq, ancaq qonşumuz bizim ərazimizi işğal edib.

Qoşulmama Hərəkatının üzvü olanlardan da, üzvü olmayanlardan da xahiş edirik, onlara müraciət edirik ki, torpaqlarımızın sülh yolu ilə, danışıqlar yolu ilə azad olunmasında bizimlə həmrəy olalar, kömək edələr. Biz istəmirik ki, müharibə yenidən alovlansın. Biz müharibədən qorxmuruq, güclü dövlətik, güclü də ordumuz var. Hərb yolu ilə torpaqlarımızı azad etməyə qadirik. Ancaq istəyirik ki, qan tökülməsin, insan tələfatı, dağıntılar olmasın. İstəyirik ki, işğalçı dövlət ərazimizdən geri çəkilib getsin, əks təqdirdə biz gücümüzü tətbiq etməyə məcbur olacağıq. Biz bunu da bəyan edirik. Ancaq bu Hərəkatda olmağımızla, bu tədbirə ev sahibliyi etməyimizlə də dünyaya sülh çağırışı edirik, budur bizim məqsədimiz”.

Qeyd edək ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edilib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə Soyuq müharibə və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, Soyuq müharibənin başa çatmasına baxmayaraq, Hərəkat öz aktuallığını qoruyub saxlayıb və öz sıralarını daha da genişləndirib.

Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Günay Elşadqızı / METBUAT.AZ

“İşğal olunan ərazilər hər an Azərbaycan tərəfindən azad oluna bilər” – Fazil Mustafa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI