Gələn həftə aprelin 9-da Ermənistanda prezident Serj Sərkisyanın ikinci səlahiyyət müddəti rəsmən başa çatır, parlamentin seçdiyi yeni prezident Armen Sərkisyanın prezidentliyi başlayır. Lakin bu o demək deyil ki, yeni prezident ölkədə nəyisə həll edəcək-hakimiyyətin sükanı yenə də Serj Sərkisyanın əlində olacaq. Çünki parlament üsul-idarəçiliyinə keçən ölkədə o, geniş səlahiyyətlərə malik baş nazir statusunda cəmi bir neçə gün sonra yenə də öz hakimiyyətini uzada biləcək.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Rusiyada mənzillənmiş və ermənilərin nəzarətində olan "EADaily" portalı Serj Sərkisyanın yeni prezident Armen Sərkisyana hansı irsi buraxıb getdiyini qısaca təhlil edib. Bu, daha da artan yoxsulluq və miqrasiya, işsizlik və xirtdəyə çıxan dövlət borcudur.

Belə ki, 2008-ci ildə Serj Sərkisyan prezident postuna sahiblənəndə Ermənistanda yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə 27.6 faiz idi. Həmin vaxt bu, son 10 ildə ən aşağı göstərici hesab edilirdi. Hazırda isə Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizdən çoxdur. Bu, rəsmi statistikadır, müstəqil ekspertlər isə ölkədə yoxsulluq səviyyəsinin az qala 50 faizə çatdığını deyirlər.

Xirtdəyəcən borc, artan yoxsulluq, 380 min adam gedib, geri qayıtmayıb... - FOTO

Ermənistan statistika xidmətinin açıqladığı rəqəmlərə görə ölkədə inflyasiya cəmi 2.7 faizdir, lakin əslində iqtisadçılar qiymətlərin 21 faiz artdığını müəyyən ediblər. Elə rəsmi məlumatlara görə ötən 10 ildə Ermənistanı ildə orta hesabla 38 min nəfər birdəfəlik tərk edib, bu cəmi 380 min nəfər deməkdir.

Robert Köçəryanın vaxtında isə Ermənistandan gedib geri qayıtmayanların sayı daha az idi-ildə 20-25 min nəfər. Sayt yazır ki, Ermənistanda miqrasiyanın səviyyəsi Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ildə ən yuxarı həddə çatıb-48.200 nəfər. Aydındır ki, bunun əsas səbəbi həmin ilin aprelində Qarabağda başlayan döyüşlər və Ermənistan ordusunun ağır zərbə almasıdır.

Xirtdəyəcən borc, artan yoxsulluq, 380 min adam gedib, geri qayıtmayıb... - FOTO

Sayt yazır ki, Sərkisyan ötən il çıxışlarından birində ölkə əhalisinin sayının 2040-cı ildə 4 milyona çatdırılması vəzifəsini elan edib. Lakin bu ağlasığmaz rəqəmdir. Çünki ölkədə doğuşun səviyyəsi ildən ilə aşağı düşür. Ötən il dünyaya gələn uşaqların sayı Sərkisyanın hakimiyyəti dövründə ən aşağı olub-cəmi 37 min 700 nəfər. BMT-nin Əhali Fondunun hesabalamalarında isə deyilir ki, bu gedişlə 2040-cı ildə Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azalacaq.

Yaxud Ermənistanın dövlət borcu bu ilin yanvarına olan məlumatlara görə 6.8 milyard dollara yaxınlaşır. Bunun 5.5 milyard dolları xarici borcdur. Ölkə 2019-cu ilə 7 milyard dollarlıq borcla daxil olacaq.

Sayt bütün bu sosial-iqtisadi amillərin Ermənistanda əhali artımına imkan vermədiyini, Sərkisyanın proqnozunun tamamilə qeyri-real olduğunu bildirir.

Milli.Az