“Türkiyə ilə münasibətləri bərpa etmək ABŞ üçün alternativi olmayan zərurətə çevrilib” – Politoloq

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donalt Tramp Tvitterdəki hesabından “savaş xəbərçisi” kimi mesaj paylaşıb.

Metbuat.az-ın məlumatına görə, Tramp Rusiyadan gələn “ABŞ raketlərini vurarıq” açıqlamalarına istinadən “Rusiya Suriyaya atılan hər raketi düşürəcəyini deyir. Hazır ol, Rusiya. Çünki raketlər yoldadır. Yeni və “ağıllı”dır. Xalqını hədələyərək öldürüb, bundan zövq alan heyvanla müttəfiq olmamalısan” ifadələrini işlədib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədlinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bu açıqlaması Orta Şərq regionunda, xüsusən də Suriya ərazisində gərginliyin daha da artacağını deməyə əsas verir: “Baxmayaraq ki, Tramp bir neçə gün bundan əvvəl ABŞ hərbçilərinin Suriyadan tamamilə çıxacağını açıqlamışdı. Görünən odur ki, Trampın regiondan çəkilməklə bağlı qərarı ABŞ-dakı güc mərkəzləri tərəfindən xoş qarşılanmayıb. Elə buna görə də Tramp geri addım atmağa məcbur qalıb.

Hər bir halda ABŞ qoşunlarının indiki şəraitdə Suriyadan çıxmayacağını təxmin etmək o qədər də çətin deyil. Trampın “Rusiya, İran və Əsəd layiqli cavablarını alacaqlar” açıqlaması, bundan dərhal sonra içərisində 6500 hərbçinin olduğu ABŞ hərbi gəmilərinin Aralıq dənizinin şərq sahillərinə doğru istiqamət alması, daha sonra isə Trampın dünənki “hazır ol, Rusiya, çünki raketlər yoldadır” tviti Suriya üzərindən kartların yenidən paylanacağını deməyə əsas verir.

Çox güman, ABŞ Suriyaya hərbi müdaxilənin BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılmasına cəhd edəcək, amma o da şübhəsizdir ki, Rusiya və Çin bu halda veto hüququndan istifadə edəcəklər. Avropalı müttəfiqlərinin də ABŞ-ın bu təklifini isti qarşılayacağını demək çətindir. Belə olan halda Ağ Ev regiondakı ümdə maraqları naminə “B” planını işə salaraq regional müttəfiqi olan Türkiyə ilə münasibətlərini normallaşdıra bilər. İndiki situasiyada Türkiyə ilə əvvəlki münasibətləri bərpa etmək ABŞ üçün alternativi olmayan bir zərurətə çevrilib. Əslində bunu etmək çox da çətin deyil. Ən başından bəri Əsədə qarşı sərt tutumu ilə fərqlənən Türkiyənin ritorikasında müşahidə olunan yumşalma terrorizmə qarşı mübarizədə Qərbdən yetərli dəstək ala bilməməsi ilə bağlı idi. ABŞ-ın YPG-yə son dövrlər açıq şəkildə hərbi yardım etməsi isə rəsmi Ankaranı qəti olaraq seçim etmək məcburiyyətində qoydu.

Rusiya-Türkiyə-İran geosiyasi üçbucağının formalaşması üçün zəmin də bu hadisələrin fonunda ortaya çıxdı. Bir sözlə, başda ABŞ olmaqla, Qərb Türkiyənin milli təhlükəsizliklə bağlı qayğılarını düzgün dəyərləndirsəydilər, hadisələr bugünkü vəziyyətə gəlib çıxmazdı. Fikrimcə, ABŞ-ın regionda Rusiyanın təsir dairəsini zəiflətmək üçün Türkiyə ilə birgə hərəkət etməkdən başqa çarəsi yoxdur. Əminəm ki, Ağ Evdən gələcək olası bir əməkdaşlıq təklifi Ankarada çox müsbət qarşılana bilər. Çünki rəsmi Ankara özü də başa düşür ki, Rusiyanın regionda güclənməsi Türkiyənin maraqları baxımından təhlükəlidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“ABŞ ordusunun yaxın zamanlarda Suriyadan çıxması məsələsi inandırıcı deyil” – Elçin Mirzəbəyli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI