"Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər".
Publika.az medicina.az-a istinadən bildirir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudov deyib.
Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində yazılan qan qrupuna
güvənmək olmaz: "Bəzi insanların qanında müəyyən antitellər olur
ki, o antitellərə qarşı da yalançı reaksiyalar olur. Bu yalançı
reaksiyalar gələcəkdə bizə qan köçürülmə zamanı təhlükə yarada
bilər. Ona görə də heç bir halda qan köçürülməsinə qərar verildiyi
zaman şəxsiyyət vəsiqəsindəki qan qruplarına tam güvənmək düzgün
deyil. Ancaq təxirə salınmaz tibbi yardıma ehtiyac olduğu halda
xəstəyə təcili qan köçürülməlidirsə, o halda xəstənin şəxsiyyət
vəsiqəsindəki qan qrupu nəzərə alınmalıdır".
Mütəxəssis qeyd edir ki, qan qrupunun düzgün təyin edilməsi
immunoloji laboratoriyada ixtisaslaşmış həkim-laborant tərəfindən
aparılmalıdır: "Eyni zamanda xüsusi reaktivlər və avadanlıqlar
olmalıdır. Lazım olarsa, mikroskop, lupa altında baxmaq lazımdır.
Qan qrupu köçürüldüyü zaman onu köçürən həkim məsuliyyət daşıdığına
görə hətta laboratoriyanın verdiyi qrupa da inanmamalıdır. Çünki
qan laboratoriyaya təqdim edildikdə probirkalar səhv salına bilər.
Buna görə də xəstəyə qan köçürüləcəyi zaman xəstənin yatağının
yanında ona qan köçürəcək həkim xəstənin qan qrupunu təkrar
yoxlamalı və əmin olmalıdır".
M. Mahmudov xəstənin qan qrupunun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlmədiyi hallarına rast gəldiyini bildirir: "Müəyyən müstəsna halları nəzərə alsaq, belə bir şeylər olur. Bunun səbəbi də texnikidir. Bir də müəyyən insanlarda qan qrupunu təyin etmək çətinlik yaradır. Belə insanların qan qrupu mütləq ixtisaslaşmış laboratoriyada aparılmalıdır. İmmunitet, onkoloji və vərəm xəstələrində, revmatizması olan insanlarda yalançı aqlüsinasiya deyilən hallar müşahidə olunur ki, bu da səhv qrupun təyin edilməsinə bilavasitə səbəb ola bilir".