“Azərbaycanla Pakistanın hərbi sahədə münasibətləri daimidir” – Şair Ramaldanov

Pakistanla Azərbaycan arasında hər zaman yaxın əlaqələr mövcud olub. Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur.

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycanın müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin iyun ayının 9-da qurulub.

Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə əlaqələrimiz var.

Pakistan hər zaman Azərbaycanın haqq səsini dəstəkləyən dövlət olub. Ölkələrimiz arasında hərbi əlaqələrimiz də yüksək səviyyədədir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Pakistan bizə həmişə dəstək göstərib: “Demək olar ki, son zamanlar bu əlaqələr daha da yaxınlaşıb, əlaqələrimiz inkişafa doğru gedir. Aprel hadisələrində bildiyiniz kimi, Pakistan həm canlı qüvvə ilə, həm də silah-sursatla Azərbaycanı dəstəkləməyə hazır idi, bunu təklif də etmişdilər. Pakistan Qarabağ məsələsində də Azərbaycanın haqq səsini hər zaman dəstəkləyir.

Bildiyiniz kimi, bizim Pakistanda və Pakistanın da Azərbaycanda hərbi nümayəndəliyi var. Bundan əlavə, bizim hərbi mütəxəssislərimiz gedib Pakistanda kurs keçirlər. Pakistanın bizdə strateji təhqiqatlar və dövlət müdafiəsini idarə etmə akademik kursu var. Bu ölkənin yüksək vəzifəli şəxsləri mütəmadi olaraq Azərbaycana gəlir, ölkəmizlə əlaqələri daha da genişləndirirlər. Pakistan bizim dəniz qüvvələrilə bağlı da konkret təkliflərlə çıxış ediblər. Bu təkliflər artıq Azərbaycan tərəfilə müəyyən sazişlər şəklində həyata keçməkdədir.

Bildiyiniz kimi, Pakistan nüvə dövlətidir və NATO-nun üzvüdür. Belə bir dövlətin Azərbaycanın haqq işini dəstəkləməsi, yanında olması, ölkəmizə hər zaman yaxın olduğunu göstərməsi təbii ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan da öz növbəsində həm siyasi, geosiyasi arenada, həm də hərbi məsələlərdə Pakistanı dəstəkləyərək, müəyyən tədbirlərdə müştərək iştirak edirlər. Bundan əlavə, Pakistan Silahlı Qüvvələrilə Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlər keçirməsi planlaşdırılır.

Ümumiyyətlə, münasibətlərimiz elə bir həddə gəlib çatıb ki, artıq öz münasibətlərimizi hər il planlaşdırırıq. Bu da onu göstərir ki, Azərbaycanla Pakistanın hərbi sahədə münasibətləri daimidir. Bundan əlavə Pakistan Silahlı Qüvvələri və hərbi sənayesi bizim müdafiə sənayemizə böyük maraq göstərirlər, çox sıx əlaqədədilər. Pakistan tərəfinin müdafiə sənayemizdə silah-sursatın hazırlanması ilə bağlı müəyyən təklifləri var, həm də bizim Silahlı Qüvvələrə təqdim edəcəyi silah-sursatın təqdimatı olub. Bunlar da hələ ki, müzakirə predmetidir.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ məsələsinə gəldikdə isə dediyim kimi, Pakistan hər zaman yanımızdadı. Dəfələrlə bu haqda Azərbaycan prezidentinə bunu açıq şəkildə bəyan ediblər, bildiriblər ki, Pakistan Silahlı Qüvvələri hər zaman Azərbaycan Silahlı Qüvvələrilə hər zaman qardaş kimi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu gün belə böyük müsəlman dövlətilə əlaqədə olmasının böyük əhəmiyyəti var. Silahlı Qüvvələrimizin sıx əlaqədə olması ölkəmizin Silahlı Qüvvələrinin inkişafında böyük rol oynayır və oynayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Pakistan hər zaman Azərbaycanın güclü və qüdrətli olmasında maraqlı olub” – Zahid Oruc


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI