Aprelin 24-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları bir nəfər xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısını alıb. Lent.az-ın DSX-nin saytına istinadən məlumatına görə, hadisə Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb.
Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb.
Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib. Onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oğlu olması müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.