Şimali Koreya Xalq-Demokratik Respublikasıın şimal-şərqindəki Phunqeri nüvə poliqonunun ərazisində qurğular və tikililər sökülməyə başlanıb.
Milli.Az 38north-a istinadən bildirir ki, bunu ABŞ-dakı Con Hopkins Universitetinin nəzdindəki tədqiqat qrupu bəyan edib.
Amerikalı ekspertlər mayın 7-də peyk vasitəsilə çəkilmiş fotoları təhlil edəndən sonra belə qənaətə gəliblər.
Poliqonda operativ təminatla bağlı bir neçə bina sökülüb. Bununla yanaşı, tunellərdən qruntun yığıldığı yerlərə aparan vaqonetka yollarındakı relslər də sökülür.
Eyni zamanda, ən önəmli obyektlər, hələ də, qalır, yeraltı nüvə sınaqları üçün nəzərdə tutulmuş tunellər də qapanmayıb.
Ekspertlərin fikrincə, son söküntü işləri mayın sonunda, Phuenqeri poliqonunun qapanma mərasimində olacaq. Həmin mərasimdə tunellər partladılacaq.
Phunqeri poliqonunun sökülməsi ilə bağlı Phenyan və Seul aprelin 27-də, Koreyalararası sammitdə anlaşma əldə ediblər. Demontaj prosesi açıq olacaq.
Şimali Koreya lideri Kim Çen In poliqonun qapanış mərasiminə jurnalistləri və təhlükəsizlik məsələləri üzrə ekspertləri dəvət edəcəyini bildirib.
Qapanış mərasiminin 23-25 may günlərində olacağı vurğulanır.
Milli.Az