Bakı şəhəri Sabunçu rayonunda yerləşən Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə oxuyan 11-ci sinif rus bölməsi üçün bu il “son zəng” çalınmayıb.
Bu barədə məlumatı Metbuat.az-a müraciətində məktəbin riyaziyyat müəllimi Leyla Babayeva bildirib. Qeyd edib ki, sözügedən məktəbdə Azərbaycan bölməsinə icazə verildiyi halda, rus bölməsinin son zəng tədbiri keçirməsinə icazə verilməyib.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən məktəbin direktoru Yasin Quliyev bildirir ki, iddia yalandır:
“Bununla bağlı hər hansı bir məlumat vermək ixtiyarında deyiləm. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayın”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən açıqlamada bildirilir ki, 90 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib:
“Təhsil Nazirliyinin “"Son zəng" tədbirinin keçirilməsi haqqında” əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də ümumi təhsil müəssisələrinin ərazisində mütəşəkkil şəkildə təşkil olunub. Əmrdə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib.
İyunun 14-də paytaxtın bütün ümumi təhsil müəssisələrində, o cümlədən də Sabunçu rayonundakı 90 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
“Son zəng” tədbirlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, İdarənin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.
Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar. “Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini isə 19 192 nəfər bitirib. Paytaxtda 46 849 nəfər I sinfi başa vurub”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Ramazan bayramında ən çox bu bölgələrə axın oldu - Turizm şirkətləri AÇIQLADILAR/ VİDEO – TIKLAYIN!