Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, dünən qrup mərhələsinin bəzi oyunlarına yekun vurulub. F qrupunda isə sürpriz nəticələr qeydə alınıb.

İsveç yığması Meksikanı 3:0 hesabı ilə məğlub edib. Qrupun digər matçında isə Cənubi Koreya Almaniyadan üstün olub – 2:0. Beləliklə, Meksika və İsveç 1/8 finala vəsiqə qazanıb, Almaniya və Cənubi Koreya isə mübarizəni dayandırıb.

“Cənubi Koreya Almaniya yığmasına yerini göstərdi”.

Bu sözləri Metbuat.az-a açıqlamasında tanınmış idman icmalçısı, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə bildirib.

Şərhçinin sözlərinə görə, budəfəki dünya çempionatında Almaniya adına layiq oyun göstərmədi:

“Meksika-İsveç oyununda Meksika məsələni həll etmişdi. Ona görə, Meksikanın rəqibinə mütləq şəkildə qələbə lazım idi. Amma Almaniya-Cənubi Koreya oynunda almanlara qələbə lazım idi. Almaniya yarışın bir nömrəli favoriti, sonuncu dünya çempionudur. Bu komanda son iştirak etdiyi bütün yarışlarda favorit sayılır. Yoahim Lövün baş məşqçisi olduğu Almaniya komandası son illər fantastik oyun göstərir. Bu komanda dünya üzrə keçirilən oyunların favoritidir. 4 il əvvəl Braziliyda keçirilən dünya çempionatında Almaniya qalib gəlib. Dünənki Almaniya-Cənubi Koreya oyunu sensasiya oldu. Çünki dünya çempionu uduzaraq yarışı tərk etdi. Cənubi Koreyadan 2 top buraxdı. Oyun boyu Cənubi Koreyanın qol şansı daha çox oldu, nəinki Almaniyanın. Məğlubiyyətə səbəb kimi Almaniya komandasının özünə arxayınlığı oldu. Ümumiyyətlə, budəfəki dünya çempionatında Almaniya adına layiq oyun göstərmədi. Komandada yalnız 1-2 oyunçu yaxşı oyun nümayiş etdirdi. Ümumiyyətlə, komandada çempionluq ab-havası, həmin o hegemonluq oyunu yox idi.

Baş məşqçi Yoahim Löv heyətdə eyni oyunçuları saxlamışdı. Futbolda belə bir amil var. Məsələn, Zidan Relada qalib gəldi, Çempionlar Liqasında uğur qazandı və getdi. Müəyyən bir hədd var. Bu həddə çatdıqdan sonra mütləq dəyişiklik lazımdır. Demirəm ki, məşqçi getməlidir, amma heyətda dəyişiklik olmalıydı.Sanki Almaniya yenə də hamıya yuxarıdan aşağı baxırdılar. Bu mənada, dünən onlar bütün kartları açdılar. Cənubi Koreya Almaniyaya göstərdi ki, yuxarıdan aşağı baxmaq lazım deyil. Cənubi Koreya Almaniyaya yerini göstərdi. Bu Almaniya 1/8 finalda oynamağa layiq deyil, qrupdan çıxsaydılar da çox irəli gedə bilməyəcəkdilər. Ona görə də, dünənki oyun dünyada sensasiya yaratdı. Almaniya azarkeşləri bu dəqiqə şokdadır. Çünki orada futbol çox üstün anlayışla qəbul olunur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bəzi banklardakı "QOÇU DƏSTƏLƏR" - İnsanları niyə hədələyir? – TIKLAYIN!