Londonda yerləşən “Thomson Reuters” Fondu Birləşmiş Millətlər Təşkilatının 193 üzvü olan dövlətdə aparılan araşdırma nəticəsində qadınlar üçün dünyanın ən təhlükəli sayılan 10 ölkəsini müəyyən edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma bu ölkələrdəki səhiyyə xidmətlərindən, iqtisadi resurslardan istifadə, cinsi istismar, təcavüz, qadına qarşı zorakılıq və insan alveri kimi meyarlara əsaslanıb. Qadınlar üçün ən təhlükəli ölkələr sırasında ilk yeri Hindistan tutub. O ölkədə qadınların ev dustağına çevrildiyinə diqqət çəkilib. Əfqanıstan qadınlar üçün ən təhlükəli ölkələr sırasında ikinci yerdədir. Artıq yeddinci ildir vətəndaş müharibəsinin yaşandığı Suriya isə ilk üçlükdə sonuncu sıradadır. Daha sonra sırada Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən, Nigeriya və Somali yer alıb.
Siyahıda ən diqqətçəkən məqam isə 10-cu sırada Qərb ölkəsinin yer almasıdır, özü də Amerika Birləşmiş Ştatlarının. ABŞ-ın cinsi təcavüz və şiddətə məruz qalmaq məsələsində Suriya ilə eyni nisbətdə olması diqqət çəkib.
Qeyd edək ki, ötən il ABŞ-da qadınların yaşadıqları təcavüz hadisələrinə qarşı çıxaraq bir qrup qadının #MeToo haştaqı ilə seksual təcavüz və zorakılıq haqda məlumatlandırma kampaniyasına başlaması bütün dünyanın diqqətini cəlb etmişdi.