Tural İsmayılov

Köşə yazarı

10:17 04 Aprel 2018 24460
A- A+

Acam, amma utanıram - Qısa hekayələr

Səhər ac qarına pəncərəni açıb quşların səsini dinlədim. O qədər doğma gəlir ki, təbiətin səsi. Həmin an bütün bədənimin iflic olub sadəcə bir səsə fokuslanmağını istəyirəm. Necə dəhşətli səslərdir insan səsləri. Ailə danlaqları, ata-ananın yaxşı övlad arzularının gerçəkləşməyən sindromuyam, evləndiyim qadının tələbləri qarşısında acizəm, uşaqlarımı yaxşı dolandıra bilmirəm. İndi yenə kafeyə gedəcəm, axşama kimi ona-buna pivə süzəcəm, gecə də verilən 5 manat pulla evə qayıtmalıyam. Acam, amma utanıram soyuducuya yaxın durmağa. Soyuducu da insanların qəlbi kimi bomboşdur indi. Həm nə alıb qoymuşam ki, bir yaxın da duram. Sağ olsun, qaynanam, qaynatam evləndiyim qadına ayda iki dəfə bazarlıq edir, uşaqlara xərcləməyə pul verir. Oğlum üçüncü sinfə gedir, hər gün futbol oynamaq üçün məşqlərə getmək istədiyini deyir. Hər ay onun məşq pulu, yol pulu, paltar pulu... Mən sadəcə susuram, bir azdan yenə həyat yoldaşım qol qoyacaq, ardınca məni uşaqların gözü önündə yenə yerin dibinə soxacaqdı.
Kitab oxumağa artıq vaxt yox idi. Səhərdən axşama kimi kafedə dolaşır, sərxoş müştərilərin nazı ilə oynayırdım. Mənə kim, necə kömək edə bilər ki? Artıq kişilik qüruru və sair söhbətlərdən keçmişdim. Deyəsən özümü “Çevrilmə” əsərindəki Qreqor Zamza kimi hiss edirdim. Sonum bu olsa gərək. Sürünənlər başqalarının yaşayışı üçün tramplindir.
***

Yalnızlıq təskinliyin ən pis halıdır. Çünki danışacaq heç kim yoxdur. Sadəcə öz obrazınla baş-başa qalırsan. Güzgüdə əksinə baxırsan və danışırsan:
- Salam, mən... Bu gün necəyəm?
- Salam, mən... Həmişə ən üstünsən.
Çöldəki həyatda isə özünü bir heç kimi hiss etmənin əzabını daşıyırsan çiynində.
***

Aristoteli gördüm yuxumda. O, məşhur düşünən adam siluetində olduğu kimi idi. Eləcə səssiz-səssiz baxırdı mənə. Ruhumun xilasını axtarırdım.
Aristotel bir cümlə dediı: “Bədənini xoşbəxtliklə doldur, ruhun həmişə zirvədə olacaq”.
***

Sonuncu qədəhi birnəfəsə başıma çəkdim. Sonra qəhqəhə ilə tanış oldum. Gülməyin sirrini axtaran Dionis idim mən. Gülüşlə tanışlığım ana bətnindən çıxanda baş versə də, qəhqəhəni ilk dəfə aşiq olduğum müəlliməmin beşinci sinifdə oxuyan şagirdin “eşq etirafı”na verdiyi reaksiya ilə tanıdım.
***

Dünyanı xilas etmək istəyənlər filmlərdə olurdu. Hə, bir də əsərlərdə. Sonra mən düşündüüm ki, böyüyəndə “Betmen” yaxud “Supermen” olum. Böyüdüm, özümü xilas edə bilmədim, düşüncənin biləyini bükdüm.
***

- Daha çox nəfəs ver..
- Boğuluram.
- Səni xilas edə bilərik, ürək ritmin normaldır.
- Onu istəyirəm..
- Xırıldayır, sevdiyi qadını soruşur yəqin.
- Həkimlər, susun onu istəyirəm... Nə ana, nə sevgili olmuşlar, nə də başqa bir şey, sadəcə itmiş həyatımı.
***

Təkcə bir qız övladının ola biləcəyi düşüncəsinə görə də həyatdan zövq almaq olar.

Bunu da OXU!

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI