Azərbaycanlı modelyer məşhurları biabır etdi... Könül Vəlibəylidən səmimi etiraf – MÜSAHİBƏ


Metbuat.az-ın növbəti qonağı modelyer-dizayner, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəylidir.

- Moda sahəsi artıq Azərbaycanda da məşhurlaşıb, ancaq siz populyar olmayan tərəfindəsiniz. Niyə?

- Bir var səhnə, bir də var kulis. Bizim işimiz kulisdədir. Biri gəlir, geyimini hazırlayır, geyindiririk və gedir. Artıq bu bizim taleyimizə yazılıb. Tanınmış, gündəmdə olan modelyer olsan, məşhur insanlar da sənin hazırladığın geyimləri geyinə, bundan sonra hazırladıqların brendə çevrilər. Həm də özün gündəm yaratmağı bacarmalısan ki, məşhurlaşasan. Ancaq təəssüf ki, bu bizdə alınmır.

- Niyə gündəm yarada bilmirsiniz?

- Gündəmi heç vaxt yaradıcı insan özü yaratmır. Baxın, bütün dünyadakı məşhur insanların hər birinin prodüseri var. Bu prosesi onlar tənzimləyirlər. Üstəlik, mənim özümün də bir problemim var ki, gündəmdən qaçan insanam. Efirlərə çağırırlar getmirəm. Gecələrə qatılmıram.

- Bu nədən irəli gəlir?

- Bəzən tədbir maraq dairəmdə olmur. Orda tələbələrim, yaxud hansısa modelyerim iştirak etsə güman ki, qatılaram. Həm də bu cür tədbirlərdə nələrin olacağını bilirəm. Məsələn, Avropada keçirilən moda gecələrinə qatılmaq istəyərəm. Çünki orda görmədiyim, məni maraqlandıran, təəccübləndirən geyim ola bilər. Ancaq bizdəkiləri bilirəm deyə, maraqsız gəlir. Bəlkə də bu zamanla Azərbaycanda da inkişaf edəcək. Son vaxtlar Azərbaycanda fəşinlər keçirilir -“Fashion Azərbaycan”, “Fashion Mersedes”... Bu qürurvericidir və insana bu sahənin daha maraqlı formada inkişaf edəcəyinə dair ümid verir. Ancaq hələlik, bayaq da dediyim kimi, məni maraqlandıracaq dərəcədə deyil.

- Prodüserdən danışdınız. Bu qədər vacibdirsə, niyə prodüseriniz yoxdur?

- Çox maraqlıdır. Bilirsiniz, prodüser gəlirli sahədə olur. Çox pul qazanmaq istəyirlər. Mənim sahəm isə gəlirli sayılmır. Həm də prodüserdə bir fanatlıq olmalıdır. Səni sevməlidir ki, işlərini də yüksək səviyyədə təqdim eləsin.Ola da bilər ki, bütün bunlar mənim istəmədiyimdən irəli gəlir. Bəlkə marağım olsaydı, edərdim.

- Bəs gündəmdə olmaq istəyirsinizmi?

- Bəli, bax, bu sual həmişə qarşımda durur. İl ərzində bu qədər işlər gördüyümə görə bəzən özümü günahlandırıram. Bəlkə də gördüyüm işlərin siyahısını tutsam, nə qədər çox çalışdığımı hamı görər. Sənətimlə, işimlə, peşəmlə, işlədiyim sənətkarlarla bağlı gündəmə gəlmək istəyərdim. Ancaq bu kimə maraqlıdır? İndi insanlara kim evləndi, kim boşandı, dava maraqlı gəlir.

- Bildiyim qədəri ilə televiziyalar bayramlarda gəlib sizdən geyim aparır. Hamı da bilir ki, TV-lərə geyimləri ödənişsiz verirsiniz. Bəs sizin qazancınız nə olur?

- Uzun illərdi mətbuatla əməkdaşlıq edirəm və təmənnasız olaraq onlara dəstək vermişəm. Sağ olsunlar, onların içində geyimləri təqdim edən dostlarım da var. Ancaq “əsas geyimi aldım, sonrası nə olar, olar” deyə düşünənlər çoxluq təşkil edir. Buna çox təəssüflənirəm.

- Belə olduqda özünüzü aldanmış hiss etmirsiniz ki?

- Belə özünü tərifləmək olmasın. Mən çox ürəyi açıq adamam. Kin də saxlaya bilmirəm. Buna görə çox vaxt onları bağışlayıram.

Bayramlarda, xüsusi günlərdə biz də ailəmizlə birlikdə, evimizdə olmaq istəyirik. Ancaq tamaşaçının könlü açılsın deyə, öz həyatımızı kənara qoyub, televiziya işçlərini geyimlə təmin edirik. Bizdən hər il yüzlərlə kostyum götürürlər. Tərs kimi bütün TV-lərdə bayram tədbirləri eyni vaxtda keçirilir. Siz görəsiniz həmin vaxtda bizdə geyimlərin üstündə necə dava düşür. Bizim qapımız hamının üzünə açıqdır, bu öz yerində. Ancaq hərdən ciddi şəkildə düşünəndə deyirsən ki, buna dəyərmi?

- Şou aləmində bəzi məşhurlar xınayaxdı mərasimləri təşkil edirlər. Bərabər iş görsəniz, necə olar?

- Sözün düzü, mən də belə düşünürdüm. Biz bu sahədə işləyəndə şou nümayəndələri xınayaxdı mərasimlərinə yeni-yeni başlayırdılar. 4-5 il xınayaxdılara geyimlər verdim. Ancaq onlar fəaliyyətə başlayandan sonra biz tamamilə müştərilərimizi itirdik. Çünki onlar öz qazandıqları pulla qane olmayıb, bizim də çörəyimizə göz dikdilər.

- Niyə?

- Müştəriyə deyir ki, mən gəlinin də, ordakı qızların da geyimini gətirəcəm. Adama deyərlər, sən hardan gətirəcəksən? Sən geyim tikmirsən, sənin imkanın yoxdur. Hamısı bazarlardan, Türkiyədən ucuz geyimləri gətirməklə milli geyimləri xınayaxdılardan çıxardılar. İndi xınayaxdılar və “hena parti” deyə təşkil olunan mərasimlərdə mili geyim yoxdur. O xınayaxdı aparıcılarının isə bir neçəsini təmənnasız illərlə geyindirmişəm. Onlar mənə nəinki müştəri verirblər, əksinə müştərilərimi əlimdən alıblar. İndi də mənə müraciət olunur ki, Könül xanım, bizi geyindirin, sizi reklam edəcəyik. Ancaq bilirəm ki, orda mənim müştərim yoxdur.

- Sizi aldadan o şou nümayəndələrinin adlarını çəkə bilərsiniz?

- Dünən dostun olub, bu gün sənə yanlışlıq edən insanların adlarını çəkməyin mənası yoxdur. Özləri bilirlər kimi nəzərdə tuturam. Mənim çevrəm dar çevrədir. Bu gün davamlı olaraq Fərqanə Qasımova, Azərin xanım və sevdiyim bəzi rəqqaslarla işləyirəm. Yəni, çevrəm budur. Bir də mən kütləvi səhnəni daha çox sevirəm. Tək geyindirməyi çox da xoşlamıram. Xoşuma gəlir ki, geyimlərim kütləvi şəkildə səhnədə görünsün. Biri var, bir nəfər sənin əl işini təqdim edir. Biri də var, kütləvi şəkildə təqdim olunur. Biz yüzlərlə, minlərlə kütləvi səhnə üçün geyim hazırlamışıq. Bununla fəxr edirəm, qürur duyuram.

- Məşhurlardan sizinlə davamlı işləyən başqa kimlər var?

- Bütün bayramlarda məşhur kişilərin 80% bizə müraciət edir. Keçən il Namiq Qaraçuxulu, Samir, Elnur bizdən geyindi. O qədər adam gəlir ki, bunlar yadımda qalmır. Bu yaxınlarda xalq artisti Gülüstan Əliyeva klip çəkdirirdi, gəldi bizdən geyindi. “Natiq” ritm qrupu bizdən geyinir. Əlbəttə ki, uzun müddətli iş çətin məsələdir. Həm xarakter, həm maliyyə insanı çətinə salır. Sənətkarlar kaprizli olurlar. Ancaq şanslıyam ki, ətrafımda olan balaca çevrəm məni çox istəyir.

Fəxriyyə Xələfova ilə Sakt-Peterburqda dəfiləmiz oldu. İkimiz də ora getmişdik. Aramızda dostluq, səmimiyyət var. Bu işdə səmimi rəqabət olduqda gözəl olur.

- Yeni layihəniz varmı?

- Bəli, üzərində işləyirəm. Hər il yeni bir dəfilə edirəm. Mənim enerjim çoxdur. Arzularım bura sığmır. Hazırda bizim üçün yeni bir yol açılıb. Bir Azərbaycan brendi olaraq dünyaya çıxma imkanları yaranıb. Mən yalnız milli geyimlərlə kifayətlənmək istəmirəm. Çünki onlar ildə bir dəfə lazım olur. Qalan vaxtını öldürmüş olursan. Buna görə də xarici əlaqələrimə, 20 illik təcrübəmə güvənərək ölkədən il yarımlıq getməyi düşünürəm. Çox istəyirəm ki, bu qədər təcrübənin qarşısında öz brendimi hazırlayım və təqdim edim.

- Siz də, yoldaşınız Tural bəy (Qan Turalı) də yaradıcı insansınız. Aranızda bir uyumluluq varmı? Adətən deyirlər, iki yaradıcı insan bir yerdə yaşaya bilmir.

- Yaradıcı insanlar çox inadkar, kaprizli, uşaq kimi küsəyən olurlar. (Gülür) Əslində bunu qadın etməlidir, ancaq tərsinədir, kişi edir. Mən həddindən çox fədakar qadınam, sənətdə də, ailədə də. Bunu bütün çevrəmdən də eşidirəm. İstədiyim isə odur ki, insanlar bir-birinin sənətinə hörmət edib, dəyər versinlər. Hörmət, sevgi olanda yaradıcılıq 3-cü gəlir. Ona görə də biz bir-birimizi anlayırıq. Turalın yazılarını oxumağa, ona fikrimi bildirməyə çalışıram. Bəzən bir həftə başım qarşıq olur, yazılarına baxa bilmirəm. O dəqiqə qaşqabağını sallayır ki, oxumamısan. Mənə diqqət etməmisən.

- Bəs sizin yaradıcılığınıza o diqqət edirmi?

- Tural modern insandı. Bu gün bizim milli geyimlərimizi yaşatmağın heç bir mənası olmadığını düşünür. Onun fikrinə görə, müasir zəmanədə buna ehtiyac yoxdur. Ancaq tamaşa, səhnə geyimlərimə diqqət edir. Son günlər iş birliyimiz də baş tutdu. Yazdığı pyesi səhnələşdirdi, mən də aktyorların geyimlərini hazırladım. Dəhşətli dərəcədə tələbkardır, kaprizlidir. Mən əcnəbilərlə də işləmişəm, amma bu qədər narahat olmamışam. Yaradıcı insanların bir yerdə olması çox yaxşıdır. Bir-birilərinə dəstək olurlar.

- Hər ikiniz yaradıcı, hər ikiniz küsəyən. Aranızda küsülülük olanda barışmaq üçün ilk addımı kim atır?

- (Gülür) Əslində bizim küsülülüyümüz 1-2saatdan çox çəkmir. Çünki hər ikimiz kin saxlaya bilmirik. Tural tez barışandı, mən də tez bağışlayanam. Tural məndən çox işlədiyim üçün inciyir. Əslində o da gecə-gündüz işləyir. Ancaq mən evə bir az gec gedəndə, yaxud bir işə hədindən çox diqqət edəndə özünü unudulmuş kimi hiss edir. Əslində biz xaricdə yaşasaydıq, çox pul qazanan gənclərdən olardıq. Çünki mən xaricə gedəndə əməyimin dəyərini görürəm. Bir tamaşanın geyimlərini hazırlamaq, müəllifi olmaq, bir saytın köşə yazarı olmaq, bir filmin ssenaristi olmaq nə deməkdir?.. Bunu Türkiyədən Rusiyaya, Avropadan Amerikaya kimi müqayisə edib, analiz etsək, daha yaxşı anlayarıq. İl boyu Turalın kitabı çıxır, sayta yazır, tamaşa hazırlayır, iki universitetdə dərs deyir. Adam istirahətsiz işləyir.Mən özüm də universitetdə təlim-tədris mərkəzi yaratmışam, karyeramı bu üzrə qururam. Hazırda kitab üzərində çalışıram. Bir neçə layihəm var. Sırf Azərbaycanın milli geyimləri deyil, Azərbaycan kəsimlərini, naxışlarını, kəlağayılarını daha müasir formada istifadə etməyi və gündəmə gətirməyi düşünürəm. Xarici qonaqlara, TV-lərə, ölkədən kənarda yaşayan insanlarımıza yüzlərlə kəlağayı bağışlamışam. İstəmişəm ki, bizi tanısınlar, dəyər versinlər, mədəniyyətimizin zənginliyini anlasınlar.

- Modelyer kimi özünüzü gələcəkdə hansı yerdə görürsünüz?

- Mən bu sahəyə jurnalistikadan gəlmişəm. Gözümü açandan öz geyimlərimi özüm hazırlamışam. Daima xanımları geyindirməyi sevmişəm. Elə “Sara Xatun”qadın jurnalımda da qadınlarla işləməyim bu sahəyə marağıma görədi. Heç vaxt dayanmamışam, dizayn üzrə təhsilimi davam etdirmişəm. İndi də magistr dərəcəsi üzrə davam edirəm. Mən öyrətməyi sevirəm. Ancaq nədənsə “modelyer” sözündən xoşum gəlmir. Belə deyək, mən bir geyim evinin rəhbəriyəm. Dizayner də ola bilərəm. Və düşünürəm ki, nə vaxtsa, öz brendimi yaradacam.

İndi çox təkliflər gəlir ki, müəyyən qədər xərc çək, geyimlərini təqdim elə. Amma düşünürəm ki, bundan nə qazanacam? Kimdi mənim geyimlərimin tamaşaçısı? Bu məqamlara diqqət etmək lazımdı. Bir də görürsən ki, balaca bir yer kirayəliyib, təqdimat keçirirlər. Axı nə olsun? Bununla nəsə etmək mümkün deyil. Uğur qazanmaq üçün sən mütləq öz brendini yaratmalı, geyimlərini Azərbaycanda rahatlıqla satmalı, tədricən yaxın MDB ölkələrinə, Avropaya çıxmalısan. Başqa cür mümkün deyil.

- Bəs buna nə mane olur? Qarşınızı kim kəsir?

- Bu günə kimi kimsə qarşımı kəsə bilməyib. Mənim çevrəm, çalışqanlığım, işə peşəkar yanaşmağım və komanda ilə işləmə qabiliyyətim buna imkan verməyib. Hazırda tək problemimiz maliyyədir. Devalvasiya zamanı məhsullarımız xaricdən gəldiyi üçün şok yaşadıq. Bundan başqa da bu sahədə problemlər çoxdu. Hər kəs əlini daşın altına qoymalıdı, amma inkişaf çox az adamın marağındadı. İndi əksər geyimlərimiz Türkiyədən, Çindən gəlir. Gizli şəkildə, balaca-balaca sexlər var ki, Türkiyə geyimlərinin oxşarını hazırlayırlar. Bir modelyerə 1000 manat verməkdənsə, oğurlamağı daha üstün sayırlar. Bu cür inkişaf olmaz ki...

- Hansı rəngə daha çox üstünlük verirsiniz?

- Gözümü açandan qara rəngi sevirəm. Nənəm deyirdi ki, qara geyinmə, qara qara gətirir. Mən Gürcüstanda doğulmuşam. Zövqüm başqa xalqların arasında formalaşıb. Həmişə qara geyindiyim üçün mənə “gürcü qızıdır” deyirdilər. Ümumilikdə isə sakit tonları sevirəm. Ancaq nə geyinəcəyim əhvalımdan, gedəcəyim yerdən asılıdır.

- Bəzi aparıcılar var ki, geyim tərzini seçməkdə çətinlik çəkdikləri dərhal hiss olunur? Bu nədən irəli gəlir?

- Peşəkarlarla işləmirlər deyə. Bu aparıcıların yox məhz televiziyaların günahıdır. Dünyanın hər bir yerində televiziyalar geyim mütəxəssisləri ilə işləyir.

- Rəngləri uyğunlaşdıra bilməyən müğənnilərimiz də var.

- Bizim geyim evinin bəlkə də ən böyük uğuru rəngləri uyğunlaşdıra bilməyidir. Bir çox ölkənin tanınmış modelyerləri mənim rəng, parça seçimimə həmişə qısqanclıqla yanaşıblar. Zövqlü görünən müğənnilərimiz çoxdur. Ancaq onların əksəriyyəti peşəkarlarla işləyirlər deyə, qəşəng geyinirlər.

- Sizcə, zövqsüz hansı məşhurdur?

- Xəsislər. Pul xərcləməyi sevməyən insan həm də zövqsüz olur. Məsələn, mənə müraciət edir, geyimin qiymətini soruşur. Deyir, qiyməti 300-dürsə, 320 verirəm, amma hər şey qaydasında olsun. Adam da var ki, 300 manat deyirsən, deyir, sən Allah, gör 100 manata nə çıxarda bilirsən. Belə adamla işləmək istəmirəm. Çünki geyindiyi zövqsüz libas bizim adımıza olacaq. Bizim bəzi məşhurlarımız qazandıqlarının 0.1 faizini xərcləmək istəmirlər. Yaxud da artıq özlərini mütəxəssis hesab edirlər. Gedir 2 metr parça alır, 5 metrlik paltarın dizaynında tikilməsini istəyir. Ya da özünə uyğun olmayan model seçir. Zövqlü məşhurlardan Zülfiyyə Xanbabayevanın adını çəkə bilərəm. O, artıq öz markasını yaradır. Yaxud Aygün Kazımova bir çox tanınmış markalarla işləyir. Röya harda yeni gənc, istedadlı adamçıxırsa, onunla əməkdaşlıq edir. Natavan da daim axtarışdadır. Bir yerə bağlı deyil, daim fərqli və gözəl görünmək istəyir. Tam zövqsüzlərə gəlincə isə... “Bəzən insan yaşlandıqca ağlı da gedir, zövqü də” məsələsi var.

- Müğənni Damlanın zövqünü bəyənirsinizmi?

- Əslində mən Damlanı izləyirəm. O özü geyinmir, bir neçə geyim evi ilə işləyir. Doğru edir.

-Aparıcı Nanə necə?

- Çox fərqli qızdır. Çox xoşuma gəlir. Çox geyim evləri ilə işləyir. Hər verlişdə yeni geyimdə, maraqlı üslubda efirə çıxır.

- Bəs Afaq Gəncəli? O da özünə baxımlı qadındır.

- Afaqdan daha çox Nanəni izləyirəm və bəyənirəm.

- Kəmalə Piriyeva?

- Kəmalə geyimlə deyil, gənclər arasında öz fərqliliyi ilə seçilir. Onun öz üslubu və yolu var.

- Lalə Azərtaş?

- Lalə xanım hər halı ilə gözəldir. O xəbər aparıcısı olmaqla yanaşı, dövlət tədbirlərinin də aparıcısıdır. Xanım-xatınlığı ilə bütün aparıcılardan seçilir. Bunu da xüsusi qeyd edim: tək xəbər aparıcısıdır ki, mənim geyimlərimi geyinib, sonra da efirdən təşəkkür edib.

- Bəs rəqqasə Fatimə necə?

- Belə deyim Fatimə son illər daha çox xınayaxdılara meyillənib. Bilmirəm, orda rəqs geyimləri geyinir, yoxsa yox.

- Tünzalə Ağayeva necə?

- Onun özünə məxsus zövqü var. O, musiqisinə və həyat tərzinə uyğun geyinir.

- Bəs Elza Seyidcahanın geyimləri necə?

- Onu çox sevirəm. Çox qeyri-adi xanımdır. Elzanın o rəngarəngliyi, maraqlı saç düzünmlərini çox sevirəm. O yaradıcı və qeyri-adidir qadındır.

- Sonda bizim xanım oxucularımıza nə tövsiyyəniz var?

- Bu gün internetdən hər cür məlumat almaq olur. Bu imkandan istifadə etsinlər. Yaxud da yaşlarına, bədənlərinə uyğun geyimləri bir mütəxəssislə məsləhətləşə bilərlər. Hər zaman öz gözəlliklərini, çəkilərini qorusunlar.

Tahirə Əlirzayeva/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı