Bu məşhurlar doğum günləri ilə bağlı danışdılar

Bu gün Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev 70, görkəmli sənətkar Akif İslamzadə 70, yazıçı-publisist Məqsəd Nur 50 yaşlarını qeyd edirlər.

Balayev Rasim Əhməd oğlu 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" filmində kiçik bir rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. Bir sıra orden və medallarla təltif olunub.

R.Balayev özəl günü ilə bağlı Metbuat.az-a açıqlamasında bir az xəstəliklərdən şikayətlənsə də, hər şeyin gözəl olduğunu bildirdi:

“Hər şey yaxşıdır, sadəcə 2 gün bundan öncə ayağım burxuldu, yıxıldım. Yeriyə bilmirəm, ancaq dərmanlarla yola verirəm. Şükür ki, ciddi bir şey yoxdur. Bir az təzyiq, bir az şəkər, bir az bel ağrısı var. Təbii ki, bunlar yaşla bağlıdır. Bunlara artıq təbii baxıram. Ancaq vaxtında həkimə gedirəm. Ömrü verən Allahdı. Prezidentimiz ordenlə təltif etdi. Sağ olsunlar, dostlar səhər açılandan təbrik edirlər. Mən də istəyirəm hamıya tək-tək cavab verəm, təşəkkür edəm”.


Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Müğənni “Alagözlüm”, “Sarı gəlin”, “Bu gecə” ifaları ilə Azərbaycan musiqisinə möhürünü vurub. Böyük sənətkarın səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin, onun səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

Sənətkar özəl günündə özünü yaxşı hiss etdiyini bildirdi:

“Çox yaxşıyam. Ancaq heç inanmazdım ki, bu yaşa gəlib çıxaram. Bu Allahın bir yazısıdı, min şükür. Diqqətiniz üçün təşəkkür edirəm”.


Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. Məqsəd Nurun əsərləri Azərbaycanla yanaşı, Özbəkistan, Rusiya, Türkiyə, Gürcüstan, İran və s. ölkələrdə dərc edilib. Bundan başqa, müəllifin əksər əsərlərinin rus dilinə tərcüməsi daha çox rusdilli internet oxucularının arasında populyarlaşıb. Əsərlərinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və dünyanın rusdilli internet şəbəkəsində çox tanınan və sayılan Litsovet.ru portalının 7000-dən çox müəllifi sıransında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın "superonluq" adlı müsabiqəsində 7–ci yerə nail olub. Müəllifin iki əsəri – "Gəlmə" və "Vasili Daniloviçin Orkestri" hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib. Məqsəd Nurun ümumi yazı stilistikası və yazı dilindəki musiqi onu bir müəllif kimi fərqləndirir. Bu, azad, sərbəst düşüncə tərzi, o cümlədən milli tərzə və milli köklərə bağlı fərqli bir prozadır. Onun bütün yaradıcılığı beş əsas silsilədə birləşib: 1.Küləkli şəhər 2.Ero-gigiyenik 3.Katastrofiklər 4.Rütubət sevgiləri 5.Sınaqlar. "Tərs kimi" hekayələr toplusunun (2005) və "Şəhər Meri" (2011) romanının müəllifidir. "Şəhər Meri" Milli Kitab Mukafatının (2011) qalibidir. Roman Gürcüstan, Türkiyə və İranda da işıq üzü görüb.Yazıçı özəl günü ilə bağlı Metbuat.az açıqlamasında özünü çox yaxşı hiss etdiyini, ad gününü ailəsi ilə birgə keçirdiyini söylədi.

Qara çörək otu ilə qarın piylərinizi əridin - 1 aya İNANILMAZ Nəticə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR