Kərbəlada atın ayaqları altından çıxan toz, göyə atılan qan, ağrıdan səmanı bürüyən iniltilər, qulaqlardan zorla alınan sırğa, Təlliye-Zeynəbiyyədəki intizarlı baxışlar topluma izi silinməyən mesajlar verib. Bu mesajlardan biri də məhz Kərbəlada verilən suallardır. Biz bu suallara diqqət etsək, həyatımızın əsil hədəflərini, necə yaşamalı olduğumuzu anlaya bilərik. İlk olaraq diqqət edəcəyimiz sual - Həzrət Əli Əkbərin İmam Hüseynə (ə) verdiyi sualdır.

"Məgər biz haqq deyilikmi?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ilk olaraq analamaq lazımdır ki, bu sual məlumatsız bir insanın məlumat almaq üçün verdiyi suallar silsiləsindən deyil. Bu, daha çox həqiqətin şiddətini çatdırmaq üçün verilən bir sualdır. Qurani-Kərimdə və hədislərdə bu qəbildən olan suallar var.

Məsələn, Allah Təala Zəkəriyyə peyğəmbərin (ə) duasını qəbul edərək, ona bir övlad veriləcəyi müjdəsini verdikdə, o, belə bir sual verdi:

"O, dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən, mənim necə oğlum ola bilər?". (Allah) dedi: "Allah beləcə istədiyini edər". ("Ali-İmran" 40).

Allahın peyğəmbərinin (ə) bu sualı, sadəcə olaraq hadisəinin sıradan bir hadisə olmayacağının izharıdır.

Eyni zamanda, əziz Rəsulallah (s) Kəbə qapısına söykənərək, axirəzzəmanda baş verəcək hadisələri də saydıqda, Əbazər: "Ya Rəsulallah, doğrudanmı bunlar olacaq?" deyə sual verirdi. Əbazər Rəsulallahın (s) doğrudan başqa heç nə danışmadığını bilirdi. Amma bu sualı ilə bəyan edilən həqiqətlərin fövqəladə bir şey olduğunu çatdırırdı.

Qeyd etdiyimiz sualı verən - Əhli-Beytin (ə) içərisində Rəsulallaha (s) ən çox oxşayan bir şəxsdir - Əli Əkbər ağadır. Aşura günü Əhli-Beytin (ə) sıralarından ilk şəhid olan Əli Əkbər ağa, bu sözü ilə bizə insanlığın nəticəsindən asılı olmayaraq hədəfini göstərir.

Bəzən ailədə, ticarətdə, ətraf ilə münasibətdə müəyyən seçimlər etməli olursan. Əli Əkbər ağa bir hidayət çırağı kimi nəyi seçəcəyimizi bizə işarə verir. Nəticəsindən asılı olmayaraq, haqqın tərəfində olmağımız - birmənalıdır.

Ailədə xanım bəzən yoldaşı tərfindən incidilir və ya müəyyən qəlb qırılmasına səbəb olan bir hadisə ilə üzləşir. Əli Əkbər ağanın məntiqi bizə bu durumda yalnız bir məsələnin narahatlığını yaşamağımızı diktə edir. Yəni, xanım diqqət etsin ki, əgər Allah istəyən bir işi etdiyinə görə bu münasibətə məruz qalıbsa - xoş halına və desin "əgər haqq tərəfdəyəmsə, nəticənin heç bir fərqi yoxdur".

Yaxın qohumlar tərəfindən Allah istəməyən ortamalara dəvət alındıqda da eyni durum ortaya çıxır. Əgər bu cür məclislərə getməyəcəyinlə bağlı qərarın fərqli reaksiyalara səbəb olursa, bundan narahat olmamalısan. Əgər seçimini düzgün etdiyinə əminsəsə nəticənin necə olması səni hər şeydən az narahat etməlidir.

Biz tez-tez bu cür seçimlərlə üzbəüz qalırıq. Aşura məktəbi seçimlərimizin nəticə istiqamətli deyil, haqq istiqamətli olmalı olduğunu izah edir. Əli Əkbər ağanın bu sualı qalibiyyətin hər dəfə şərt olmadığını anladır. İnsanlıq əgər bu məktəbdən öz bəhrəsini alacaqsa, düşdüyü böhranlı durumdan çıxacaq. Əks halda özünü saldığı bu böhran burulğanında, uzun zaman sərgərdan qalacaq.

Aşura məktəbindən bildiklərimizi həyatımızın mehvərinə çevrimək ümidi ilə...

Milli.Az