Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans

Dekabrın 25-də Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans öz işinə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda qurumların rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin, ictimaiyyət fəalları iştirak ediblər.

Metbuat.az xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət yetirdiyi sahələrdən biri də xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətlənməsi, eyni zamanda dini bayramların dövlət səviyyəsində qeyd olunması idi. Bu siyasi kursun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması istiqamətində mühüm addımlar atıldığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində görülən işlər barədə danışıb.

Bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir. Dövlət Komitəsinin sədri Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının parlaq nümunəsi kimi səciyyələndirib. Mübariz Qurbanlı bu istiqamətdə Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyəti haqqında da danışıb. Ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda aparılan təmir-bərpa işlərini dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürü kimi qiymətləndirib.

Ölkəmizdə dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin ölkədə dini durumun müsbət inkişafı üçün əlverişli şəraitin yaradılması, həmçinin, cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

M.Qurbanlı vurğulayıb ki, hazırda respublikada dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir.

Bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan natiq milli-mənəvi dəyərlərin cəmiyyətə, xüsusilə gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov dinə dövlət qayğısından bəhs edib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgənin məscidlərinin əsaslı şəkildə təmir edildiyini, burada dindarların ibadəti üçün lazımi şərait yaradıldığını vurğulayan qazı ölkə rəhbərliyinə bu münasibət üçün dindarlar adından minnətdarlığını bildirib.
Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini dekabrın 26-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR