"Vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik"

“2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır”.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov “Milli Məclis” jurnalının suallarını cavablandırarkən deyib.

Baş Qərargah rəisi, 2016-cı ilin aprelində bütün deyilənlərin sözdə deyil, döyüşdə nümayiş etdirildiyini, əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrdə keçirilən islahatların nə qədər uğurlu olduğunun göstərildiyini bildirib.

"Bu əməliyyatda ordumuzun əsas məqsədi qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqeləri və nöqtələrinin məhv edilməsi idi. Biz dinc əhalinin təhlükəsizliyinin təmin edilməsinə çalışırdıq və bu məqsədə nail olduq. Dinc əhalini atəşə tutan düşmən nəinki məhv edildi, hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarıldı. Qoşunların genişmiqyaslı iştirakı olmadan belə biz işğal edilmiş 2000 hektardan çox ərazini azad etdik, eyni zamanda, Ağdərə-Madagiz və Horadiz-Cəbrayıl istiqamətlərindəki ərazinin böyük bir hissəsini və yolları əməliyyat nəzarətinə götürdük.

2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır", - deyə o qeyd edib.

Müdafiə sənayesinin inkişafına da toxunan N. Sadıkov bildirib ki, hazırda müdafiə təyinatlı hərbi sənayenin ən müasir infrastrukturu yaradılır və Azərbaycan hərbi təyinatlı məhsulların tamamilə xaricdən alınmasından asılı ola bilməz.

"Qısa müddət ərzində respublikamızda hərbi texnikanın, silahların, döyüş sursatlarının, hərbi-texniki əmlakın və təchizatın, yüksək keyfiyyətli əşya və ərzağın ən müasir nü­munələrinin istehsalı həyata keçirilir. Azərbaycanda 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda ordumuzun təchiz olunduğu 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Eyni zamanda, biz hərbi təyinatlı məhsulları Yaxın Şərq, Cənubi-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsinə ixrac edirik. İxrac olunan məhsulların həcmi ildən-ilə artır.

Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verdi və hərbi xərcləri ciddi şəkildə artıran Prezidentimiz dərhal ordunun ən müasir silah və texnika nümunələri ilə təchizatına istiqamət götürdü. Bu istiqamətdə artım gələn ildə də gözlənilir. 2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3 milyard 37 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,6 faiz çoxdur", - deyə N. Sadıkov vurğulayıb.

Baş Qərargah rəisi ölkədə vətənpərvərliyin görünməmiş həddə olduğunu, həqiqi hərbi xidmət edən vətəndaşların sayının 21 min nəfərə çatdığını, o cümlədən hərbi qulluqçuların mənzillərlə təmin olunduqlarını diqqətə çatdırıb: "Biz ona nail olduq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətdən keçir, o cümlədən qadınlar həvəslə hərbi xidmətə qoşulurlar, orduda müddətdən artıq həqiqi hərbi xidmət edən vətəndaşların sayı isə 21 min nəfərə çatıb.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətin diqqət və qayğısı sayəsində son illər 1400-dək hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib, ölkənin digər bölgələrində isə 2000-dək hərbi qulluqçuya xidməti mənzillər verilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR