ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın Vyetnamda ikinci zirvə görüşü keçirilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In bildirib ki, 261 gündən sonra yenidən görüşməyi bacarıblar və bu müddət böyük bir səy idi: “Eyni şəkildə səylə görüş üçün çalışdıq, bu gün artıq buradayıq. Uğurlu görüş olacağına ümid edirəm. Çox təşəkkür edirəm”.
Tramp isə bildirib ki, ilk zirvə görüşü çox uğurlu olub: “Bu görüşdən hər iki tərəfin məmnun qaldığını deyə bilərik. Münasibətlərimizlə bağlı atdığımız addımlar uğurludur. Ümid edirəm ki, bu zirvə görüşümüz əvvəlkindən də uğurlu olacaq. Mətbuata da açıqladım, ölkənizin böyük iqtisadi potensialı var. Möhtəşəm gələcəyinizin olduğunu və böyük lider olduğunuzu düşünürəm. Sizə kömək etməyi səbrsizliklə gözləyirəm. Bir azdan birgə axşam yeməyi yeyəcəyik. Sabah üçün isə böyük görüş proqramımız var. Sabah da mətbuata açıqlama verəcəyik”.
Qeyd edək ki, görüş üçün Çin-Vyetnam sərhədinə qədər qatarla səfər edən, burada isə avtomobillə paytaxta gedən Kimi təhlükəsizlik qüvvələri qoruyub. Hanoy küçələrində zirehli limuzinlə gəzən Kimin qalacağı Melia Otelinin qarşısına çoxlu sayda jurnalist, polis və əsgər toplanıb. Yüzlərlə vyetnamlı isə Şimali Koreya liderini görmək üçün yol kənarına toplaşıblar. Vyetnamlı rəsmilər zirvə görüşü üçün təhlükəsizlik səviyyəsini ən yüksək səviyyəyə çatdıldığını açıqlayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ilk dəfə 12 İyun 2018-ci ildə Sinqapurda tarixi zirvə görüşü keçiriblər.
Günay Elşadqızı / METBUAT.AZ