ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Vyetnamda keçirdiyi görüşdən sonra açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bildirib ki, Şimali Koreya lideri ilə konstruktiv görüşləri olub: “Görüşümüz yaxşı oldu, ancaq müqavilə imzalamaq məsələsində razılığa gəlmədik, yaxşı bir şey olmadığını düşündük. Hazırda bir neçə variant var, ancaq bu variantların heç birindən istifadə etməmək qərarı verdik. Bəzən də masadan uzaqlaşmaq lazımdır”.

Tramp bildirib ki, Şimali Koreyaya qarşı sanksiyalar davam etməkdədir: “Şimali Koreya sanksiyaların aradan götürülməsini istədi. Ancaq istədiyimiz hər şeyi etmədikləri üçün bu məsələdə razılığa gələ bilmədik. İstədiyim nöqtəyə gəlinəcəyinə inanıram. Kim Çen In mənə söz verdi, nüvə testi həyata keçirməyəcəklər. Kim Çenlə bir-birimizi sevirik, bir-birimizi yaxşı başa düşürük. Ancaq müqavilə imzalamaq uyğun deyildi. Mən bunu tələsik etməkdənsə, yaxşı bir şey etmək lazım olduğunu düşünürəm”.

Günay Elşadqızı / METBUAT.AZ