Bakı, 19 may, Salehə Əliyeva, AZƏRTAC
Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bakıda birinci Avropa Oyunlarının keçirilməsi beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqəti cəlb edən bu hadisə, eyni zamanda son illərdə idman sahəsində Azərbaycanın qazandığı uğurların göstəricisidir.
Birinci Avropa Oyunlarına təkcə idmançılar hazırlaşmır. Bu məsuliyyətli dövrdə hər bir azərbaycanlı öz Vətəninə və xalqına faydalı olmağa çalışır.
Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivləri də Avropa Oyunlarına hazırlaşır. Həmsöhbətimiz tanınmış vokalist, Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, səsyazma studiyasının direktoru Ramil Qasımov telekanalın musiqi kollektivlərinin Bakıda Avropa Oyunlarına necə hazırlaşmasından söhbət açıb.
-İndi bütün ölkədə Avropa Oyunlarına qızğın hazırlıq işləri gedir. Bayram ab-havası və yüksək əhval-ruhiyyə insanları səfərbər edib. Musiqi kollektivləri də, hər bir mədəniyyət işçisi də öz payını, bacardığı töhfəni verir.
Ölkəmizin uğurları hamımızı sevindirir və biz də mədəniyyət cəbhəsinin əsgərləri kimi Vətənə layiqincə xidmət etməyə çalışırıq. Biz kənarda qala bilmədik və öz təşəbbüsümüzlə Avropa Oyunlarına 7 yeni mahnı yazdıq. Mahnılardan beşi artıq hazırdır və ifa olunur. Hazırda daha iki mahnı yazılır.
Demək istəyirəm ki, AzTV-nin “İdman” kanalı hər gün musiqi kollektivlərimizin məxsusi olaraq Avropa Oyunları üçün yazdırdıqları mahnılarla başlayır.
Mahnılarda Azərbaycan tərənnüm olunur. Bu, AzTV-nin Avropa Oyunlarına töhfəsidir.
Məsələn, biz AzTV solistlərinin ifasında “Birinci Avropa Oyunları” mahnısını yazmışıq. Mahnının sözləri Əməkdar Mədəniyyət Xadimi, polkovnik Abdulla Qurbaninin, musiqisi gənc bəstəkar Nigar Qarayevanındır. Mahnı o qədər təntənəli və möhtəşəmdir ki, sanki himn səslənir.
Cahangir Cahangirov adına xor kollektivinin və Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin ifasında Avropa Oyunlarına həsr edilmiş “Zəfər nəğməsi” klipinin çəkilişləri təzəcə başa çatıb.
Hazırda “Avropa Oyunları” adlı mahnı üzərində intensiv iş gedir. Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi mahnını Heydər Anatollu, Lalə Məmmədova, Vaqif Mustafazadə adına “Sevil” instrumental-vokal ansamblı, xor kollektivinin gənc solistləri Bəxtiyar Bağırov və Nicat Cəfərov ifa edirlər. Bu işə istər yaşlı, istərsə də cavan nəslin nümayəndələri cəlb olunub.
Hazırda bəstəkar Azad Zahidin (sözləri Abdulla Qurbani) “Gənclərə çağırış” mahnısına klipin çəkilişləri gedir. Bu mahnını dörd vokalçı - Fərid Əliyev, Cahangir Qurbanov, Aygün Zeynalova və Çinarə Şirin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə ifa edirlər. Biz bu klipi 10 gün ərzində hazırlamışıq.
Mən əminlik hissi ilə deyirəm: biz bu mahnını tezliklə Qarabağda, Cıdır düzündə ifa edəcəyik. Ali Baş Komandanın müdrik rəhbərliyi ilə biz öz torpaqlarımızı geri qaytaracağıq.
Azərbaycanda istedadlı gənclər çoxdur. Dövlətimiz onların potensialının üzə çıxması, sevib-seçdikləri işlə məşğul olmaları üçün mümkün olan hər şeyi edir.
Bu diqqət və qayğıya, gənc istedadların üzə çıxması üçün yaradılmış şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Muğam müsabiqələrini xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqəsi xeyli sayda gənc ifaçı üzə çıxarıb. Avropa Oyunlarına həsr edilmiş yeni kliplərin ifaçılarının, demək olar, hamısı bu müsabiqələrin qalibləridir.
Qeyd etdiyim kimi hər səhər AzTV-nin “İdman” kanalı bu Oyunlara həsr edilmiş mahnılar ilə başlayır. Çox istərdik ki, mahnılarımızı Avropa Oyunlarının açılışında oxuyaq.
Avropa Oyunlarını səbirsizliklə gözləyirik!
Müsahibəni yazdı:
AZƏRTAC-ın müxbiri Salehə Əliyeva





