Avstriyada maskalardan istifadə icbari olacaq

Avstriyada maskalardan istifadə icbari olacaq
23:52 30 Mart 2020
177 Dünya
Ölkə mətbuatı
A- A+

Martın 30-da Avstriya hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə yenilik tədbirlər paketini elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal Kansleri Sebastian Kurts hazırda bütün tədbirlərin virusun yayılması və artımındakı replikasiya (ikiqat artım) faktorunun mümkün qədər aşağıya salınmasına yönəldiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə hökumətin üç əsas istiqamət üzrə əlavə tədbirlər görəcək. Böhran dövründə risk qrupuna daxil olanlar maaşları saxlanmaqla əmək fəaliyyətini dayandırma hüququna malik olacaqlar. Eyni zamanda, ictimai həyata tətbiq olunan məhdudiyyətlərə riayət olunmasına nəzarət üçün polisə əlavə səlahiyyətlər veriləcək. Yoluxmanın qarşısını mümkün qədər ala bilmək üçün ilkin mərhələdə supermarketlərdə qoruyucu maskadan istifadə icbari olacaqdır.

Kansler hazırkı vəziyyəti tufandan öncəki sakitlik kimi qiymətləndirib. O qeyd edib ki, yaxın həftələrdə əhalinin məhdudiyyətlərə nə dərəcədə riayət etməsi həmin tufanın hansı güclə əsəcəyini göstərəcəkdir.

Federal Səhiyyə naziri Rudolf Anşober isə bildirib ki, Qərbi Avropa ölkələri arasında ilk dəfə Avstriyada qoruyucu maskalardan istifadə icbari olacaq. Aprelin 1-dən etibarən supermarketlərin girişində müştərilərə maskalar təqdim olunacaq. O, maskadan istifadənin ictimai həyatın digər sahələrində də arzuolunan olduğunu və hava-damcı yolu ilə yayılan bu infeksiyanın qarşısının alınmasında effektiv rol oynayacağını ifadə edib.

Hökumət üzvləri cəmiyyətdə yanlış məlumat yayan, pandemiyanın ciddiyə almayan və koronavirus infeksiyasına əhəmiyyət verməyənlərə qarşı maarifləndirici və eyni zamanda, inzibati tədbirlərin görüləcəyini elan edib. Qeyd edilib ki, indiyədək polis orqanları artıq 10 min nəfərə qaydaları pozduğuna görə cəza tətbiq ediblər.

Qeyd edilməlidir ki, Avstriyada indiyədək 9125 nəfərdə COVID-19 aşkarlanıb, onlardan təxminən min nəfər xəstəxanalarda, digərləri isə ev şəraitində müalicə alır. Koronavirus infeksiyası ilə əlaqədar 108 nəfər həyatını dəyişib, 636 nəfər isə sağalıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR