Bakı, 25 may, AZƏRTAC
“Komi Respublikasındakı Azərbaycanlılar Birliyi” öz futbol komandasını yaradıb.
AZƏRTAC xəbər verir ki, diasporun gənc üzvləri ilə keçirilən yığıncaqda “Komi Respublikasındakı Azərbaycanlılar Birliyi” regional ictimai təşkilatının sədri Asif İsmayılov layihənin təşkilati məsələlərini müzakirə edib.
Birliyin rəhbəri qeyd edib ki, respublika stadionunun müdiriyyəti ilə danışıqlar uğurla başa çatıb. Məsələn, stadionun rəhbərliyi yeni komandaya məşqlər üçün zal verməyə, habelə oyunlar keçirməyə hazırdır.
Regional ictimai təşkilatın sədri deyib ki, mayın sonunda futbolçular böyük meydana çıxacaq və Dağıstan diasporunun futbolçuları ilə mübarizə aparacaqlar. “NTV” telekanalının idman şərhçisi – bu yaxınlarda Kominin paytaxtına gəlib həmvətənləri ilə görüşmüş sıktıvkarlı Elvin Kərimov komandanın yaradılmasına öz töhfəsini verib.
A.İsmayılovun sözlərinə görə, komanda üçün artıq 15 dəst idman geyimi alınıb. Sarı rəngli geyimdə Azərbaycan Respublikasının bayrağı və “Komi Respublikasındakı Azərbaycanlılar Birliyi” loqotipi təsvir olunub.
Futbol komandasının kapitanı Pitirim Sorokin adına Sıktıvkar Dövlət Universitetinin tələbəsi Fərid Mahmudovdur.
“Komi Respublikasındakı Azərbaycanlılar Birliyi” idmanın inkişafına böyük diqqət yetirir. A.İsmayılov deyib: “Çalışırıq ki, gənclərimizin sağlam həyat tərzi olsun. Muxtariyyətlər arasında oyunlar respublikada yaşayan millətlərin nümayəndələrini sıx birləşdirməyə imkan
verəcək”.