Bakı, 25 may, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş mahnıların kliplərini təqdim etməkdə davam edir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti klip yeni bəstələnmiş “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısına çəkilib. Əsər Tofiq Əhmədov adına estrada-simfonik orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə tanınmış vokalçı Ramil Qasımovun ifasında səslənib. Mahnının müəllifləri bəstəkar Nigar Qarayeva, polkovnik Abdulla Qurbanidir. Klipin quruluşçu rejissoru Elnur Əliyev, quruluşçu operatoru isə Elvin Rəhimlidir.
Qeyd edək ki, “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısı AzTV-nin bu möhtəşəm tədbirə həsr etdiyi ikinci klipdir.
Birinci klip Nigar Qarayeva və Abdulla Qurbaninin müəllifi olduqları “İlk Avropa oyunları” mahnısına çəkilib. Mahnını AzTV-nin solistləri Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Ayşən Mehdiyeva, Mirələm Mirələmov, Sərxan Bünyadzadə, Orxan Hüseynli ifa ediblər.
Hazırda AzTV-də daha iki mahnının klipi hazırlanır. Musiqisi Eldar Mansurova, sözləri Vahid Əzizə aid olan “Avropa oyunları” mahnısı xalq artisti Heydər Anatollu, əməkdar artist Lalə Məmmədova, Cahangir Cahangirov adına xorun solistləri – Bəxtiyar Bağırov, Nicat Cəfərzadə, Aynur İsgəndərli və Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblının ifasında lentə alınıb.
Musiqisi Azad Zahidin olan “Qələbə bizimlədir” mahnısını isə əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov, Çinarə Şirin və Aygün Zeynalova ifa ediblər. Hər iki mahnı və klip yaxın günlərdə televiziya tamaşaçılarına təqdim olunacaq.
AzTV “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş mahnıların kliplərini təqdim etməkdə davam edir
AzTV “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş mahnıların kliplərini təqdim etməkdə davam edir