Bismilləhir-Rahmənir-Rahim!

Bu günlər İslam dünyası əzəmətli bir mövludu - Zəmanə Sahibinin (ə.f) nurani mövludunu qeyd etməkdədir. Bu mənada çox önəmlidir ki, bizlər bu günlərdə zühur, fərəc, müntəzirlik və intizar barədə məlumatlanaq, düşünək, bildiklərimizi həyata keçirməyə çalışaq.

İntizar ibadəti

Əziz İslam Peyğəmbəri (s) buyurur: "Mənim ümmətimin ən böyük əməli - Allahdan fərəcin intizarında olmaqdır". Əziz Peyğəmbərimiz (s) bunu sıradan yaxşı bir əməl, sadəcə önəmli bir əməli kimi tanıtmır, bu əməli ən böyük əməl kimi təqdim edir. Allahdan fərəcin intizarını istəmək, gözləmək - bir müsəlmanın, bir möminin ən böyük əməli kmi tanıtdırılır.

Əziz alimlər, ariflər fərəcin açılışını qlobal olaraq Mövlanın (ə.f) zühurunda görməklə yanaşı, həm də hər mərhələnin, həyatın hər mərhələsinin bağlantılarının, düyünlərinin açılışı kimi də görürlər. İnsan həyatının hər anında, hər zamanında bir dalana daxil olduqda, bilməlidir ki, yiyəsiz, sahibsiz deyil. Əmin olmalıdır ki, açılış olacaq, qeybi köməkliklər olacaq. Buna görə də Peyğəmbərimiz (s) bəyan edir ki, ümmətin ən böyük əməli - fərəcin intizarında olmaqdır.

Fərəcin intizarında olmaq olmaq - bir ibadətdir. Bu, elə-belə gözləmə deyil. Bu, şüurdur, dərkdir, iradəvilikdir, ali niyyətdir. Fərəcin intizarında olmaq adi ibadət deyil. Məsumlardan (ə) bəzi hədislərdə gəlir ki, ən üstün ibadətdir. Bəzi hədislərdə gəlir ki, fərəcin intizarında olmaq - Allah qatında ən sevimli əməldir.

Dəyərli əxlaq ustadları, ariflər müntəzir və fərəcin intizarı ilə bağlı bir sıra önəmli nöqtələrə toxunurlar. Mövlanın (ə.f) fərəcinin intizarı - əslində bir həqiqi İslam təməddününün, həqiqi İslam sivilizasiyasının qurulmasının intizarında olmaqdır.

Yaşayış kodu

Əziz Peyğəmbərimiz (s) sonuncu İlahi nəbi olaraq, Allah tərəfindən bəşəriyyət üçün İslam dinini imanlı yaşayışın yolu, yaşayış kodu olaraq göndərilir. Ondan sonra İmamlar (ə) həmin missiyanı davam etdirirlər. Sonra bəşəriyyət o İlahi hüccətləri, Yerlə Göyün bağlantısının önəmini anlamadığı üçün, qeyb dövrünü yaşamalı olur. Bununla da biz həqiqi İslam sivilizasiyasından, təməddünündən məhrum olmuşuq.

Əslində Qədir-Xumda kamil bir İslam təməddününün sığortalanması elan olunur, Yerlə Göyün bağlantı səbəbi olan bir İmamı (ə) - Həzrət Əlini (ə) qəbul etmək və itaət etmək əmr olunur. Amma bəşəriyyət Peyğəmbərimizin (s) vəfatından sonra İslam sivilizasiyasının inkişafını zəruri edən mühüm mövzunu deaktiv edir, mühüm məsələ söndürülür.

Elə bil, ən güclü bir proqramın aparıcı hissəsi söndürülür. Nəticədə dinin nemətləri tamamlanmır, ən kamil vəziyyətlər olmur, Allahın bəyəndiyi ən kamil durum aradan getmiş olur. İndi biz bunun acısını yaşamaqdayıq...

Həzrət Əmirəlmöminindən (ə) bu yana təəssüflər olsun ki, İslam sivilizasiyası geriləyə-geriləyə gedib. Nəhayət dönəmimizdə biz deyə bilərik ki, ilk dəfədir bir zaman yaranıb ki, İslam dünyasında, İslam ümmətində bir oyanış yaranıb. Əziz İmam (r) öz fəaliyyəti ilə bəşəriyyəti ümmət olmağa məşq elətdirdi. Ümmət olmaq üçün gərək İmamını (ə.f) tanıyasan. Bu gün ümmət müntəzirliyi öyrənsə, əziz İmamın (ə.f) gəlişinə hazır olsa, İmam (ə.f) zühur edər.

Böyük alim Nəsrəddin Tusi buyurur ki, İmamın (ə.f) zühur etməməsinin səbəbkarı bizik. Bu gün bəşəriyyətin buna hazırlığı yoxdur, ona görə vəziyyət bu cürdür. Həqiqi İslam sivilizasiyasının, təməddünün baş tutması - əziz Mövlanın (ə.f) zühuru ilədir. Biz bu gün onun hazırlığı, onun yetişməsi üçün çalışmalıyıq.

Atanın səfərə getməsi misalı

Böyük ariflərdən biri buyurur ki, sanki ata evdən çıxır, səfərə gedir. Ata evdən çıxarkən üç övladına tapşırır ki, mən qayıdıb gələcəyəm, siz hələlik evi səliqə-sahmana salın. Hər kəs elə bilir ki, ata getdi, amma o, pərdənin arxasında olur.

Uşaqlardan biri elə bilir ki, ata getdi və daha gəlməyəcək, ya gec gələcək - hər şeyi daha da dağıdır, istədiyini edir və s.

İkinci uşaq atasının getməsinə görə ağlayır, birinci qardaşın etdiklərini görüb, daha da pis olur, hönkürtü ilə ağlayır və s.

Üçüncü uşaq isə sanki hiss edir ki, ata tam getməyib, sanki pərdənin arxasında bir hərəkətlənmə var. Həmin uşaq başlayır yır-yığış etməyə, evi səliqəyə salır, bilir ki, ataları onları başsız buraxmayıb, onlara nəzarət edir. Həqiqi müntəzirlik belə bir məsələdir...

Bizlər həqiqi İslam sivilizasiyasının formalaşması üçün əlimizdən gələn hər şeyi etməliyik. Müntəzirin mühüm vəzifəsi - zühurun meydana gəlməsi üçün səy və çalışma göstərməkdir. Biz hər birimiz ortaya səy və çalışma qoymalıyıq.

Təbii narahatlıq

Böyük əxlaq ustadı, zamanın böyük arifinin fərəclə bağlı önəmli bir neçə buyurşuna diqqət etmək faydalı olar. Arif buyurur ki, fərəcdən öncə kamil aramlıq, kamil rahatlıq, kamil salamatlıq olmayacaq. Bu, yanlış bir təsəvvürdür ki, İmamın (ə.f) zühuruna qədər bəşər, insan toplumu öz kamil rahatlığına, ideal vəziyyətinə çatacaq. Bu, mümkün deyil. Yerlə Göyün bağlantısını təmin edən bir Mövlanın (ə.f) birbaşa mövcudluğu və bəşəriyyətin ona itaət edən bir durumda bütün istedadlar üzə çıxacaq. Bundan öncəki dönəmdə isə narahatlıq və çətinliklərin olması bir gerçəklik kimi qəbul edilməlidir.

Nəyi və niyə gözləmək

Ötən bəhslərimizdə toxunduq ki, mövludun ən əsas hədəfi, mahiyyəti, gerçək keçirilməsi ondan ibarət olar ki, insan öz daxilini mövlud sahibinin gəlişinə və onun mübarək gəlişilə dünyada yarana bilinəcək İlahi ədalətə uzlaşdırmalıdır, həmahəng etməlidir. İnsan səy etməlidir ki, Mövlanın (ə.f) müntəziri olmaq mövzusu onun üçün sözgəlişi bir məsələ olmasın, növbətçi xarakter daşımasın.

İnsanın bütün həyatı, yaşayışı gözləmək içindədir. Maddi, mənəvi, yaxşı, pis gözləntiləri var insanın. İnsan daxilən bir gözlənti içindədir. Və bu gözləntilər həqiqidirsə, insanların heç biri "növbətçi gözlənti" mövqeyində durmur. İnsan nəyisə səmimi gözləyirsə, riya etmirsə, süstlük, biganəlik etmirsə - onun davranışı bu gözlənti ilə uzlaşır, əməl və hərəkətləri əsas etibarilə bu gözləntiyə uyğun tənzimlənir. Onun halı, ruhiyyəsi bu gözləntiyə uyğun formalaşır.

İnancı olan bir insan, həyatının müxtəlif səhnələrində olan gözləntilərlə yanaşı, bir mərkəzi gözləntiyə malikdir. O, Zəmanə Sahibi Həzrət Məhdinin (ə.f) zühurunun olacağını bilir və bu mübarək gəlişin intizarındadır. Daima o vəziyyətə hazırdır ki, İmam (ə.f) zühur edəcək. Nisgil və həsrət dolu nəzərlərlə gözlər müntəzir öz İmamını (ə.f)...

Müntəzir olmağa iddialı insan ilk növbədə nəyə diqqət etməlidir? Öz gündəlik həyatının müntəzirlik iddasına nə dərəcədə uyğun olmasına. Müntəzirlik durumunun həyatın müxtəlif səhnələrində təzahür olunub-olunmamasına. Hər bir insan bu daxili qiymətləndirməni həyata keçirməlidir. Nə qədər yaxındır, nə qədər uyğundur, nə qədər həmahəngdir onun daxili duyğuları, vəziyyəti, ab-havası müntəzirə xas duruma? Müntəzir bu sualları özü üçün cavablandırmalıdır.

Nəzərini, diqqətini bizdən əsirgəmir...

Mövzunu daha yaxşı qəbul etmək üçün, Həzrət Məhdinin (ə.f) bir neçə təbərrük çatdırışlarına diqqət edək. Mövla (ə.f) buyurur: "Biz sizin durumunuzu diqqətdə, nəzərdə saxlamağı əsirgəmirik. Və sizi xatırlamağı unutmamışıq ki, əgər bundan başqa cür olsa idi, müşküllər sizə üz tutardı və düşmənlər sizi yerli-dibli məhv edərdilər. Bəs İlahi təqvaya riayət ediniz və bizim müdafiəçimiz olunuz".

Gördüyümüz kimi, burada bir neçə incə nöqtə var. Birincisi, dövrün İmamının (ə.f) müsəlmanların durumu, halı ilə bağlı daimi diqqəti var. Heç zaman unutmur möminləri İmam (ə.f). Belə olmasaydı, iblisin (lən) ardıcılları öz məkr və amansızlıqları ilə təmiz insanları məhv edib axırlarına çıxardılar.

Bəs nə vəzifə müəyyən edilir insan üçün? İlahi təqvaya riayət etmək. Allahın qoyduğu mübarək sərhədləri tanımaq və onları pozmamaq. Allahın sevdiyi işlərə meyil etmək və Allahın pislədiyi məsələlərdən çəkinmək. Varlıq olaraq insan özünü gərək o hala, o vəziyyətə gətirsin ki, hansında ki, Allah onu görmək istəyir. İnsanlığın ən optimal durumuna salsın özünü. Zəmanə Sahibinin (ə.f) müdafiəçisi olsun. Möhkəm əqidə və yenilməz iradə sahibi olsun. Həyatın bütün səhnələrində - istər məişət səviyyəsində, istər ictimai münasibətlərdə, rəftarlarda, ünsiyyətlərdə, yanaşmalarda İlahi təqva konsepsiyasından irəli gələn davranışı rəhbər tutsun. Buna riayət edən insan, Həzrət Məhdinin (ə.f) müdafiəçisi olar.

Xeyir və zərər nədədir?

Digər mübarək buyuruşunda Həzrət Məhdi (ə.f) insanın xeyrinin və zərərinin nədə olduğunu çatdırır: "Sizlərdən hər biriniz gərək o şeyə əməl etsin ki, onu bizim sevgi və məhəbbətimizə yaxınlaşdırır. Və o şeydən uzaq olsun ki, bizim xoşumuza gəlmir və bizim o şeydə qəzəbimiz var. Çünki, Allah Təala insanı birdən aparır - bir vaxtda ki, tövbənin onun üçün xeyri yoxdur və günahlarına görə bizim verəcəyimiz cəzadan onun peşmançılıq çəkməsi (artıq) nicat vermir".

Sanki bir mehriban valideyn kimi insanı xəbərdar edir İmam (ə.f). İnsan o işə dəvət edilir ki, onda Allahın Rəsulunun (s) və Əhli-Beytinin (ə) razılığı var. O işlərə dəvət edilir ki, insanı kamilliyə aparır, insanı aşağılanmağa qoymur. Lənətlik iblisin torlarına düşərək, ömrünü bihudə işlərdə puç etməyə imkan vermir.

Ciddi bir xəbərdarlıq var mübarək hədisdə. İnsan nə vaxt dünyadan getdiyini bilsə, işlərini buna uyğun tənzimləyər. Mübarək hədisdə vurğulanır ki, insan həyatla birdən vidalaşır, heç bir hazırlıq-filan görə bilmir. Və bu vida məqamından sonra heç bir peşmançılığın faydası olmayacaq. Bu zaman peşmançılıq insanın karına gəlməyəcək. Gecikmiş peşmançılığın insanın aqibətinə bir təsiri olmayacaq. İnsanın öz ruhuna vurduğu yaraların müqabilində çəkməli olduğu cəza, təmizləyici cəza - qaçılmaz olacaq. Bu zaman tövbə etmək gec olacaq.

Bu baxımdan insan həyatdaykən, iradəyə malik ikən gərək Allahın bəyəndiyi əməllərə qol qoysun. O şeylərə əməl etsin ki, Allahın müxlis bəndələri olan Həzrət Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) məhəbbətini qazanmış olsun.

İntizar nədir?

İntizar - ümidlə dolu qəlb deməkdir. İslam düşməni bunun tam əksini istəyir. İslam düşməni istəyir ki, ümidsizlik olsun, pessimizm olsun, neqativ olsun. Amma intizar ümid dolu qəlb deməkdir.

Həqiqi müntəzir zühurun zəminini hazırlamalıdır. Biz o qurulacaq ali, kamil vəziyyətin zəminini hazırlamalıyıq.

İman əhli nə qədər özünü çox islah etsə, zühur daha da sürətlənir. Əgər biz biz zühurun təcil olmasını istəyiriksə, bilməliyik ki, zühurun təcil olması hər bir iman əhlinin özünü fərdən islah etməsindən keçir. İnsan zühur istəyirsə, özünüislahla, müraqibə ilə, mükaşifə ilə, mühasibə ilə məşğul olmalıdır.

İntizar yalnızca dildə danışıq və gözləmək deyil. İntizar - əməldir. İntizardan ancaq danışmaq yetərli deyil, gərək insan öz əməlləri ilə müntəzir olduğunu ortaya qoysun.

Özümüzü əziz İmamın (ə.f) xidmətinə hazır etməliyik. Hər birimiz fərdən özümüzü bu xidmət üçün hazırlaşdırmalıyıq. Necə ki, Kərbəlada səhabələr hər kəs özünü İmam Hüseynin (ə) ixtiyarına qoymuşdu, hər bir şəxs fərd-fərd Mövla (ə.f) ilə, Zühurun dəyərləri ilə öz xidmətlərini, işlərini sinxronlaşdırmalıdır.

Müntəzirin ən böyük vəzifəsi - İmam (ə.f) zühur edənə qədər İslamın ali dəyərlərini, əxlaqi, mənəvi dəyərlərini ən ali şəkildə yaşatmaqdır.

Fərəcin intizarı bəşərin ümumi problemlərini çözəcək. Mövlanın (ə.f) zühuru lokal bir mövzu deyil. Bütün bəşəriyyət nicat tapacaq. Biz bu gün görürük ki, bir virus bütün bəşəriyyət üçün qlobal problemə çevrilib. Mövlanın (ə.f) zühuru zamanı bütün bəşəriyyət nicat tapacaq.

Bəşərin həqiqi həyatı zühur zamanı başlanacaq. Biz indi həqiqi həyata doğru məşq edirik.

Allahım, bizləri həqiqi müntəzirlərdən qərar ver!

Allahım, bizlərə Zühurun təcili üçün çalışmaq əzmi və səyi nəsib et!

Allahım, Mövlanın (ə.f) zühurun təcil et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az