Türkiyənin "Bayraktar"ı, yoxsa Rusiyanın "Inoxodets"i -

Mixail Jiroxov: “Bu, ciddi hərbi ekspertlər üçün qeyri-ciddi bir vəzifə olsa da, sensasiya yaratmaq dalınca qaçan ştatlı təbliğatçılar üçün yaxşı imkandır”

“Rusiyada pilotsuz təyyarələrin inkişafı uzun illərdir ki, ümidsiz şəkildə geridə qaldı və təcrübə mərhələsində olan vasitələri tamhüquqlu silahlar kimi qələmə vermək cəhdləri gülüşdən başqa bir şey doğura bilməz. Belə ki, cəmi bir neçə gün əvvəl Rusiya mediası “İnoxodets” tipli rus PUA-sının Türkiyə “Bayraktar”ından üstün olması hekayəsini kütlələrə çatdırdı”.

Metbuat.az AYNA-ya istiadən xəbər verir ki, bunu açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, bu barədə danışanların hamısı istehsalçı "Kronstadt" şirkətinin baş direktoru Sergey Boqatikovun dövlətə məxsus “RİA Novosti”yə verdiyi müsahibəyə istinad edir.

“Ancaq təəccüblü olan odur ki, heç kim o müsahibəni tam oxumayıb. Boqatikov orada sözün əsl mənasında bunları dedi: “... kompleksimiz daha böyük potensiala və imkanlara malikdir. Xüsusilə, "İnodxodets" istehsalda texnoloji cəhətdən daha qabaqcıl, aerodinamik və süni intellekt elementləri baxımından daha yaxşıdır”. Və dediklərinin hamısı budur - əslində Boqatikov birbaşa heç bir müqayisə aparmayıb və yeni bir şey deməyib”, - deyə müsahibimiz bildirib.

Jiroxov mənzərəni belə təsvir edib: “İstehsalda texnoloji cəhətdən daha qabaqcıl olması mübahisə doğuran bir məsələdir - indi Rusiya Federasiyasının silahlı qüvvələrində cəmi üç ədəd (!) belə "İnoxodets" var, amma "Bayraktar" gələcək illər üçün sifarişlərlə yüklənib. Çünki, ən azı üç müharibədə - Suriya, Liviya və Qarabağda özünü mükəmməl şəkildə göstərən 200 cihaz istehsal edilib. Və bu, "Bayraktar"ın ilk dəfə cəmi iki il əvvəl havaya qalxmasına baxmayaraq baş verib. Ola bilsin ki, altı ay ərzində rusların yüzlərlə belə pilotsuz təyyarəsi olacaq, amma digər, texnoloji olmayan cəhətlərdən baxsaq, bu mövzuda böyük şübhələr var”.

Pilotsuz uçuş aparatlarının aerodinamik xüsusiyyətlərinə gəlincə, həmsöhbətimiz burada hər şeyin o qədər də aydın olmadığını düşünür: “Yenə də 1000 kiloluq "İnoxodets" və 650 kiloluq "Bayraktar"ı müqayisə etmək, yumşaq desək, ciddi deyil - bu göstərici baxımından rus PUA-sı Çin “Wing Loong”u və ya Amerika “MQ-1C Grey Eagle”na daha yaxındır. Rusların bunu niyə etdikləri olduqca aydındır - sadə bir oxucu üçün, yalnız xüsusiyyətləri müqayisə etsəniz, rus texnologiyasının "analoqu olmadığı" ona "aydın" olacaq”.

“Və "sinif yoldaşları" ilə müqayisə etməyə başlasanız, şəkil tamamilə fərqli olacaq - buna görə də, məsələn, Rusiya aparatının faydalı yük götürmə kütləsi heç də təsiredici olmayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya Aerokosmik Qüvvələrinin hələ də PUA üçün xüsusi olaraq "itilənmiş" raket və bombaların kütləvi istehsalı yoxdur və Suriyada istifadə olunanların hamısı eksperimental kiçik partiyalardır (ilk dəfə 2020-ci ildə silah sərgiləri zamanı təqdim edilən X-50, KAB-20, UPAB-50). Amma PUA-lar üçün xüsusi bomba və raketlər illərdir Türkiyədə istehsal olunur və yüzlərlə məhsul var ortada, yalnız öz hava qüvvələri üçün deyil, həm də ixrac üçün. Yəni, "İnoxodets"in döyüş istifadəsinin effektivliyi hələ də böyük şübhə altındadır - axı bunun Suriyada istifadə edilməsi faktı yalnız Rusiya Federasiyasının müdafiə naziri Şoyqunun sözlərindən məlumdur”, - deyə ekspert vurğulayıb.

O, fikrini belə tamamlayıb: “Beləliklə, ümumiləşdirmək üçün deyə bilərik ki, təcrübə nüsxələri şəklində işləyən, düşmən HHM-lərinə qarşı necə işləməsi sənədlərlə təsdiq edilməyən yeni rus qurğusunun, onlarla sənədli (!) təsdiq edilmiş hədəfləri məhv edən bir qurğu ilə müqayisə edilməsi ciddi hərbi ekspertlər üçün qeyri-ciddi bir vəzifə olsa da, amma bu, sensasiya yaratmaq dalınca qaçan ştatlı təbliğatçılar üçün münbit bir yerdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR