“Cəmiyyət olaraq istehsalın, emalın gücünü anlamalıyıq” -

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə ABŞ və Qərbin ani və sərt reaksiyası nəticəsində Rusiyaya qarşı maliyyə tarixində analoqu olmayan sanksiyalar tətbiq edildi.

Rusiyanın ixrac potensialının aşağı düşməsi bir çox ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Biz Rusiyadan daha çox məhsul alırıq. Eyni zamanda kənd-təsərrüfatı ixracatında da Rusiya bizim üçün önəmli yerdədir. Rusiya ilə ticarətlə bağlı ciddi sanksiyaların nəticəsini hiss etməmək üçün Azərbaycan mövcud istehsalı artırmaq və yeni istehsal sahələri yaratmaq imkanlarını necə inkişaf etdirməlidir?

Metbuat.az mövzu ilə bağlı iqtisadçı–ekspert Elman Sadıqovun fikirlərini öyrənib. Həmin müsahibəni təqdim edirik:


- Elman müəllim, bildiyimiz kimi, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Bu amillərdən biri də ölkənin istehsal etmək bacarıqlarına sahib olmasıdır. Bəs bunun təşkili necə aparılmalıdır?

“İstehsal hər bir dövlətin iqtisadiyyatında çox önəmli bir məsələdir. Ölkələrin inkişaf səviyyələri və gücləri onların istehsal və emal səviyyələrində olan vəziyyətləri ilə düz mütənasibdir. Yəni inkişaf etmiş ölkələrin demək olar istisnasız olaraq hamısında istehsal və emal yüksək səviyyədə qurulub. Bunun bir çox səbəbləri var. Hər hansı bir ölkənin pulunun dəyərini müəyyən edən əsas amillərdən birincisi həmin ölkənin istehsal gücüdür. Bir ölkə nə qədər çox yaradırsa, məhsul istehsal edirsə, o ölkənin pulu o qədər güclü olur. Yəni pulun gücü istehsalın səviyyə və keyfiyyəti ilə ölçülür. Sadaladığım amil sırasında resurs ölkələri istisna hesab edilir. Bir müddət hazır resursların çıxarılması, təbii ehtiyatların satılması və sair ölkələri böyük ixracatçılara çevirdi. Nəticədə tədiyyə balansı müsbət saldoda olduğundan ölkədə valyuta çatışmazlığı, ixracın davamlı olaraq artırılması çağırışları kimi məsələlər ortaya çıxmır. Əmtəə-pul münasibətləri yerli valyutanın davamlı güclənməsi fonunda davam edir. Amma bu cür tendensiyanın nəticəsində iqtisadi fəlakətlər də baş verə bilər. Bu səbəbdən resurs faktorunu kənara qoyaraq istehsal-emal kültürünü formalaşdırmaq, inkişaf etdirmək və genişləndirmək əsas vəzifələrdən birinə çevrilməlidir”.

- İstehsalla yanaşı emal faktoru da əsas fundamental amil sayılır. Azərbaycanda sənayenin inkişafına təkan verən emal potensialını necə inkişaf etdirmək olar?

“Ümumiyyətlə istehsal və emal dəyər zənciri yaradır. Məsələn, fərz edək ki, pambıq və ya şəkər çuğunduru ya da taxıl əkirsiniz. Amma onun satışı xam məhsul kimi bir manatdırsa, növbəti mərhələdə mahlıca, lifə çevrildikdə bir kilosunun dəyəri 3 manat olur. Sonrakı mərhələdə ipə, sapa çevrildikdə bir kilo pambığın dəyəri 5-6 manata, parçaya çevirdiyiniz zaman o ilkin dəyərindən 7-8 dəfə çox dəyər qazanır. Növbəti addımda parça kostyuma, köynəyə çevrildiyi təqdirdə daha çox dəyər qazanır. Markalaşma olduqda isə dəyər artımı 10 dəfələrlə ölçülür. Yəni hər dəyər zənciri bir neçə dəfə dəyər qazandırdığı üçün məhsul emalında önəmli rol oynayır. Azərbaycan il ərzində 600 milyon dollar ətrafında kənd təsərrüfatı məhsulları - yaş məhsul ixrac edir. Biz əgər o məhsulun heç olmasa üçdə birini quru meyvəyə, cem, mürəbbə, kompot formasına çevirib daha geniş çeşiddə ixrac edə bilsək, 600 milyon dollarlıq ixracatımızı bir milyardın üzərinə çıxara bilərik. Ümumiyyətlə, cəmiyyət olaraq bu önəmli faktoru, yəni istehsalın, emalın gücünü anlamalıyıq. Xam məhsulun satışı daha rahatdır, bazarlar, alıcılar daha çoxdur, amma hazır məhsul satışında bazarlar daha dardır, rəqabət daha güclüdür. Bu isə marketinq, risklərin düzgün qiymətləndirilməsi, rəqabətə davamlılıq tələb edir. Biz bu amilləri gücləndirməliyik”.

- Bəs istehsalın inkişafı iqtisadiyyatda hansı sahələrin daha da stimullaşmasına şərait yaradır?

“Əmək bazarında istehsal və emal nə qədər çox olarsa, bu zaman dayanıqlı və davamlı iş yerləri açılacaqdır. Hər hansı bir istehsal sahəsində on min nəfərin iş yeri əldə etməsi o deməkdir ki, həmin şəxslərin aldıqları maaşın iqtisadiyyatda multiplikativ effekti var. Fərz edək ki, on min işçinin ümumi maaşı 5 milyon manat həddindədir. Bu zaman 5 milyon manat maaşın iqtisadiyyatdakı dövriyyəsi və əhəmiyyəti minimum 20-25 milyon manata bərabər olacaq. Qeyd etdiyimiz bu 20-25 milyon manat dövriyyənin də yaratdığı bir dəyər var. Bir məhsulu aldıqca istehsal prosesi, xidmət şəraiti artmaqla bərabər həmin sektorun (xidmət, ictimai iaşə, turizm) inkişafına da səbəb olur. Burada həmçinin vergilər formasında büdcə daxilolmaları da çoxalır. Çünki o xərclənən 5 milyon manat başqa sektorların da genişlənməsinə səbəb olmaqla bərabər, yeni iş yerlərinin yaranmasını tətikləyir. Yəni, biz sənaye sahəsində on min yeni iş yeri yaratsaq, bu digər sektorlarda da həndəsi silsilə, zəncir formasında ən azı on-on beş min yeni iş yerinin yaranmasına səbəb olmaqla bərabər, həm də büdcə daxilolmalarının yaranmasını dəstəkləyir. Məhz bu səbəbdən də bütün dünya istehsal, enerji və istehsal etdikləri malların satışını genişləndirir”.

- Elman müəllim, iqtisadiyyatın inkişafına təsir edən növbəti faktorlardan biri də ixrac potensialının inkişafına təkan verməkdir. Tamamilə idxaldan imtina edib, öz ixrac potensialı hesabına iqtisadiyyatı “diri” saxlamaq mümkündürmü?

“Bütün ölkələrdə ən önəmli faktorlardan biri tədiyyə balansı, onun müsbət saldosu, ölkəyə valyuta axını təmin olunmasıdır. Çünki əgər valyuta yoxdursa, lazım olan məhsulları almaq mümkün olmur. Nə qədər də bir ölkə inkişaf etmiş olsa da, ona lazım olan bütün məhsulları istehsal və emal edə bilməyəcəkdir. Bunun üçün xammal və resursun olması lazımdır. Demək olar ki, bu mümkün deyil. Ola bilər ki, hər hansı kiçik ölkələr və nisbətən ortabab yaşayan dövlətlərdə tələbin, rifah səviyyəsinin aşağı olması səbəbindən əhalinin müəyyən istehlak mallarına tələbi minimuma düşsün. Bu müəyyən məsələləri şərtləndirə bilər. Amma normal bir ölkədə mütləq idxal və ixracın rəngarəngliyi olur. Nə qədər çox ixrac etsəniz belə, hər bir dövlətə, ölkəyə idxal lazımdır. Çünki, hər bir ölkənin lazım olan xammalı, məhsulu almaq üçün dollara, valyutaya ehtiyacı var. Misal üçün, heç bir ölkə ona lazım olan bütün dərmanları istehsal edə bilməz. Dünyada insanlara lazım olan on minlərlə çeşid dərman var. Bütün bunların da bir ölkədə istehsalı mümkün deyildir. Buraya ərzaq, geyim, tikinti, sənaye, və s məhsulları da daxildir. Bu səbəbdən də, bəlli sahələrdə sənayenin inkişafını qurmaq, istehsal və ixrac etməkönəmlidir ki, digər sahələrdə də keyfiyyətli məhsulları idxal edə bilmək mümkün olsun. Burada əsas məsələ ölkənin özünün istehsal tələbləri və imkanlarını qiymətləndirməsi bacarığının inkişaf etdirməsidir. Bu həm də həmin ölkənin mədəniyyəti, həmin sahənin inkişaf tarixi ilə bağlıdır. Dünyada texnikanın inkişafında ən öncül dövlətlər sırasında ABŞ, Almaniya və İsraildən başqa Yaponiya, Honkonq, Tayvan, Cənubi Koreyanın adı hamıya bəllidir. Çin də hal-hazırda bu sıraya qoşulub. Amma nə qədər də beyin axını güclü olsa da, İngiltərə elektrotexniki vasitələrin, mobil telefonların istehsalında müvəffəqiyyət qazana bilməyib. İngiltərə Almaniya və Yaponiya qədər avtomobil istehsal edə bilmir. Bu ölkənin kültür dəyərləri daha çox maliyyə sisteminin mərkəzinə çevrilməsinə şərait yaradır”.

- Sadaladığınız faktlar olduqca önəmlidir. Bəs Azərbaycanda hansı sənaye sahələrinin inkişafı gələcək iqtisadi gücünün artırılmasına, digər ölkələrdən nisbətən daha az idxala şərait yarada bilər?

“Bizim istehsalı qurub, dayanıqlı və davamlı inkişafına nail olmağımız üçün ölkədə daha çox hansı sahələrin faydalı olduğunu müəyyən etməyimiz lazımdır. Bu zaman ən azından həmin sahələrin məhsulları ilə daxili bazarda özümüzü təmin edə bilərik. Mən hələ də müəyyən edə bilmirəm ki, nə üçün biz bu qədər yaş məhsul və meyvə ixrac etdiyimiz halda onun qurusunu da ixrac etmək barədə hansısa addımlar atmırıq. Biz nefti də ixrac edirik, amma neft məhsullarını idxal edirik. Hazırda neftə olan tələbat azalmaqdadır. Texnologiya inkişaf etdikcə hibrid modellərin inkişafına daha çox tələbat yaranıb. İndi yeni istehsal olan maşınlarda Aİ-92 markalı benzindən daha çox Aİ-95 markalı benzinə tələbat var. Bunun istehsalını özümüz edə bilsək, bir qədər idxal asılılığını azaltmış olacayıq. Qoyulan investisiyanın hansı müddətə geri qayıdacağı da önəmlidir. Bunun üçün düzgün analiz aparılmalıdır. Bu zaman ölkəmizin gələcək inkişaf amilləri ölçülüb-biçilməli, həmçinin hansı sahələrdə axsamalar ola bilərsə, öncədən müəyyən edilməlidir. İkinci məsələ odur ki, biznesə yanaşma tərzi dəyişilməlidir. İş adamları buna cəhd edərlərsə istehsalın artırılmasına şərait yaranacaqdır. Burada digər əsas məsələ məhsulların komponentinin ölkədə istehsal edilməsidir. Məsələn, hər hansı tanınmış maşının bir modelinin ölkədə yığılması zamanı onların hansısa detallarının da həmin ölkədə istehsal edilməsi bu və digər sahələrin qeyd etdiyim multiplikativ effektlər inkişafına səbəb olacaqdır. Bu istiqamətdə Azərbaycan Türkiyə ilə təcrübə mübadiləsi apara bilər. Hansı ərzaq məhsulları ilə özümüzü daha yaxşı təmin edə bilərik bu da önəmli məsələdir. Məsələn, biz “touch screen” telefon istehsal edə bilmərik və buna vaxt sərf etmək əvəzinə daha yaxşı inkişaf etdirə biləcəyimiz digər istehsal sahələrinin inkişafı və ixracı yolu ilə istədiyimiz qədər telefon və digər texnikanı idxal edə bilərik. Digər bir variant isə özümüzün istehsal edə bilmədiyimiz markaların ölkəmizdə elə həmin marka sahibi olan şirkətlər vasitəsilə ya birbaşa, ya da franşiza yolu ilə istehsalını təşkil edə bilərik. Nəticədə yeni iş yerlərinin açılmasına şərait yaranacaq, həmin sahənin şəbəkəsi qurulacaqdır. Bu halda istehsal qazanca çevriləcəkdir. Ümumiyyətlə, istehsala birtərəfli baxmamalıyıq. Daha geniş və çox istiqamətli sahədir. Dar çərçivədən çıxıb vizyonu genişləndirmək, istehsala müxtəlif prizmalardan və iqtisadi mənfəəti artırmaqla istehsal-emalın fəlsəfəsini daha dərindən mənimsəyib tətbiq etməklə iqtisadiyyatın gələcək inkişaf perspektivlərini daha da genişləndirmiş olarıq”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR