Ermənistan üçün şərait yarandı: Proseslər sülh müqaviləsinə doğru gedir - ŞƏRH

“Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

Metbuat.az xəbər verir ki, Paşinyanın bu fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığından sonra proseslərin sürətlənməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın belə bəyanatlar səsləndirməsi gözlənilən idi.

“Məsələ ondan ibarətdir ki, əvvəllər də dediyimiz kimi, rəsmi İrəvanın işi heç də asan deyil. Xüsusilə Rusiyanın Ukrayna ilə apardığı müharibə Ermənistana yaxşı nəsə vəd etmir. Rusiya müharibədən qalib çıxsa, Ermənistana təzyiqlər artacaq, əks halda isə İrəvan regiondakı “çətirini” itirəcək. Ona görə də Paşinyan tələsir. Bilir ki, onun vaxtı savaş başa çatanadəkdir. Müharibə bitəndən sonra Ermənistanın imkanları xeyli azalacaq. Bunu Azərbaycanla Türkiyə də yaxşı anlayır. Çox güman ki, yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının yaradılması istiqamətində növbəti müzakirələr olacaq. Həmçinin əməli addımların atılması mümkündür”.

Ekspert qeyd etdi ki, rəsmilərin təmaslarının intensivləşməsi istisna deyil. Əlaqələrin normallaşması, o cümlədən sülh müqaviləsinin bağlanması istiqamətində yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının türkiyəli və rusiyalı həmkarları ilə fikir mübadiləsi aparılması da gözləniləndir.

“Bütün hallarda Rusiyanın Ukrayna ilə müharibə apardığı, həmçinin Kreml ilə Qərb arasında münasibətlərin gərginləşdiyi bir vaxtda region üçün optimal şərait yaranıb. Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində hansı addımlar atılmalıdırsa, indi atılmalıdır. Çünki sonra gec olacaq. Bundan ən çox əziyyət çəkən də məhz İrəvan olacaq” deyə ekspert fikirlərini yekunlaşdırıb.

Məlumat üçün bildirək ki, Nikol Paşinyanın açıqlamasında bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

“Bu, bir neçə ayın məsələsi deyil. Amma hər 2 ölkə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdır. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq”, - Baş nazir əlavə edib. N.Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hökumət başçısı həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: “Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə edəcəyik. Beynəxalaq ictimaiyyətin bu legitimliyi tanıması və Azərbaycanla razılığın əldə edilməsi bizim strategiyamızdır”. Baş nazir, həmçinin Türkiyə ilə diplomatik münasibətlərin bərpasından danışıb və söyləyib ki, bu proses uzanmamalıdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR