Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi. XIX əsrin sonunda pnevmoniyadan ölüm halları rekord həddə - 83%-ə çatdı.
Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
O, qeyd edib ki, müasir tibbin bütün nailiyyətlərinə, yeni antibakterial və antiviral preparatların istifadəsinə baxmayaraq, bu xəstəlik hələ də aktual problem olaraq qalır. 2009-cu ildə Dünya Səhiyyə Təşkilatı UNİSEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsinin təkmilləşdirilməsidir.
Kəskin pnevmoniya müxtəlif infeksion agentlər tərəfindən törədilir. Təxminən 90% hallarda bakteriya, qalan 10% viruslar, göbələklər, protozoa və helmintlər (dəyirmi qurdlar, toksoplazma, şistosomlar) olur. Ən çox yayılmış patogenlərə pnevmokok, Haemophilus influenzae, Mycoplasma pneumoniae, Staphylococcus aureus, qrip virusları və respirator sinsitial infeksiya daxildir.
Epidemiologiyasından asılı olaraq pnevmoniyalar bir neçə formaya bölünür:
Xəstəxanadan kənar (ambulator), yaxud xəstəxanaya qəbul anından 48 saat ərzində baş verən pnevmoniyalar;
Xəstəxana daxili (hospital) – xəstəxanaya qəbuldan 48-72 saat sonra baş verir.
Prognoz əsasən patogenin antibiotiklərə qarşı müqavimətindən asılıdır;
İmmunodefisitdən əziyyət çəkən xəstələrdə pnevmoniya adətən ağır gedişli olur;
Aspirasion pnevmoniya – mədə bağırsaq möhtəviyyatının tənəffüs yollarına atılması nəticəsində yaranan pnevmoniyalar.
Praktikada əksər hallarda xəstəxanadan kənar pnevmoniyalara rast gəlinir. Düzgün müalicə olunarsa, pnevmoniyanın bu formalarının nəticəsi adətən yaxşı olur.