Diabeti olan uşaqlar necə qidalanmalıdırlar? -

"Şəkərli diabetdən əziyyət çəkən uşaqlara tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.

O, qeyd edib ki, eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər.

Ekspert, həmçinin şəkərli diabetdən əziyyət çəkən uşaqların idmanla məşğul ola bilməsinə də açıqlama verib. Vurğulayıb ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlar demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər:

"Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmaq və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkərlər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət tip 2 şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.

Tip 1 və tip 2 şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmaq icazə verilir. Tip 1 şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri da var", - Səbinə Məşədiyeva-Bayramova qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR