Ürəyi sağlam saxlamaq üçün nə etməliyik?

Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimiz nizamla döyünür, qəlbimız sözümüzə baxır, deməli, yaşamağa dəyər. Ona görə də ürəyi qorumaq aktual əhəmiyyət kəsb edir.

Metbuat.az xəbər verir ki, bunu həkim-kardioloq, professor Adil Baxşəliyev AZƏTAC-a deyib: “Ürək ən zəhmətkeş orqandır, o orqan beyin, qaraciyər və böyrəyin qanla təchizatını yerinə yetirir. Müasir dünyada ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında ən üst sırada dayanır. Hər il dünyada təxminən 18 milyon nəfərə yaxın insan ürək xəstəlikləri ilə əlaqədar həyatını itirir. Xüsusilə də ailəsində ürək və damar xəstəliyi, hipertoniya, şəkərli diabet, yüksək xolesterin və artıq çəkisi olanlar risk altındadır”.

Onun dediyinə görə, orqanizmin ən çətin əzələsinin qeydinə qalmaq elə də çətin deyil: düzgün qidalanma, aktiv həyat tərzi, alkoqol və tütündən imtina etmək və hər şeyi ürəyə salmamaq lazımdır. Həkim-kardioloq deyib ki, stress ürək xəstəliklərinin başlıca faktoru hesab edilir: “Sağlam yuxu yatmaq ən vacib şərtlərdən biridir. İnsan yuxudan ayılanda özünü gümrah və yaxşı hiss etməlidir. Ekologiyanın sağlamlığı da mühüm şərtlərdən biridir. Möhkəm əsəb sistemi də ürək sağlamlığında həlledici rol oynayır”.

Ürək–damar xəstəliklərinin vaxtında müəyyən edilməsi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrü uzatmaq mümkündür. Professor bununla əlaqədar hamının bilməli olduğu vacib tövsiyələrini də verib: “Ürəyin qanla təchizatını öyrənmək üçün heç olmasa ildə bir-iki dəfə 45-50 yaşdan sonra elektrokardioqrama çəkilməlidir. Yaşadığımız həyat boyu həmişə ürəyimizin qayğısına qalmalıyıq və nə qədər ki, onun qayğısına qalırıq, o da bizi yaşatmaqda davam edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR