Yaponiyanın inşaat mühəndisi Yoşinori Morivaki Türkiyədə zəlzələ nəticəsində minlərlə binanın yıxılmasının normal olmadığını deyib.
Metbuat.az CNN Türk-ə istinadən xəbər verir ki, o binalarda çox az armaturdan istifadə edildiyini qeyd edib.
İnşaat mühəndisi əsas problemi bina tikintisi ilə məşğul olan şəxslərdə görüb: "Türkiyədə podratçı olmaq çox asandır. Yaponiyada isə kiçik bir inşaat işini görən şəxsə belə xüsusi diqqət yetirilir. Həkim səhv edəndə bir nəfər masada ölür, mühəndisin bir səhvi ilə minlərlə insan ölür. Yaponiyada 100 nəfər podratçı olmaq istəyirsə, onların sadəcə 7-si imtahandan keçir. Türkiyədə isə universiteti bitirən şəxsi artıq podratçı, mühəndis kimi işə götürürlər".
Yoşinori Morivaki çökən binalardan danışarkən bildirib ki, əsas problem binaların düzgün tikilməməsi ilə bağlıdır.