"Gördüm ki, heç bir hiss-həyəcanı yoxdur" - Mehmanla görüşən məşqçisi DANIŞDI

7 yaşlı Fərid Bakarovun ölümündə günahlandırılan sambo məşqçisi Mehman Xəlilov həm də idmançı kimi karyerasını davam etdirirdi.

Mehman Xəlilovun şəxsi məşqçisi İbrahim Qulamov prosport.az-a müsahibəsində onun əsəb problemləri olduğunu bildirib.

Metbuat.az həmin müsahibəni təqdim edir:

- Mehman Xəlilov neçə yaşdan sizdə məşq keçib?

- Lap kiçik vaxtlarından. Təxminən 9-10 yaşlarından. Əvvəl cüdo ilə məşğul olurdu. 46 kq-da cüdo üzrə ölkə çempionu olub. Gənclərdə Olimpiya çempionumuz, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin bacısı oğlu Kəramət Hüseynovu yarımfinalda məğlub edib. Cüdo Federasiyasından maaş alıb. Daha sonra ölkə çempionu ola bilməyəndən sonra keçdi samboya. 2009-2010-cu il olardı.

- Bəs onun cüdo müəllimi kim olub?

- Onu da mən keçmişəm. Özüm idmançı kimi samboçu olsam da, güləş üslubum cüdoya yaxındır.

- Siz özünüz onu 9-10 yaşlarında idmana götürsəniz də, 7 yaşlı uşağa sambo keçirmiş...

- Bu, təcrübəsizliyindən irəli gəlir. Özü sentyabrda müəllimlik etməyə başlamışdı, heç bir ili tamam olmamışdı.

- Mehman Xəlilovun birdən-birə belə hərəkət etməsi nə ilə bağlı ola bilər? Ölən uşağın anası sonradan verdiyi müsahibədə bildirib ki, Mehman nəşə çəkirmiş. Bundan xəbəriniz vardı?

- Mən onun məşqçisi olmuşam. Onun ancaq idman tərəflərini bilirəm. Bunu bilə bilmərəm axı.

- Amma məşqçi ilə tələbə ata-oğul kimi olur. Demək olar ki, hər gün bir-birinizi görürsünüz, onun hər problemindən xəbərdar olursunuz...

- Oğul da atadan belə şeyi gizlədir, onu demir axı. Bunu bilməyim mümkün deyil... Bilirsiniz necə yaxşı uşaq olub?! Bir adam tapa bilməzsiniz ki, yığma komandada, məhəllədə onun haqda pis söz desin. Məndə onun səsyazıları var. Həmişə mənimlə “WhatsApp”da “can”la danışıb. “Baş üstə, müəllim”, “ay can, müəllim” deyib mənə. Səhər 6-7-də həmişə zəng vurub onu yuxudan oyatmışam. Aprelin 12-dək mənim yanımda səhər-axşam məşq keçib, sonra İsraildəki Avropa çempionatında iştirak etmək üçün millinin düşərgəsinə qoşulub.

- Ona siz harada məşq keçmisiniz?

- “Nasosnı”da (indiki Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi – red.). Düzdür, bəzən bir yerdə məşq keçməmişik. Mən ona telefonla demişəm ki, bu gün hansı təmrinləri yerinə yetir. Bir də rəqiblərə uyğun olaraq hazırlıq metodikamız olub. Amma müəllim kimi fərqli zallarda məşq keçmişik. Məşq keçdiyimiz idman zallarının yerləşdiyi məktəblər bir-birinə qonşudur.

- Hadisə olan gününü necə xatırlayırsınız?

- Dedilər ki, Mehmanın tələbəsi olan uşaq ölüb. Tələm-tələsik bayıra çıxdım. Mehmanla görüşdüm, soruşdum ki, nə olub? Gördüm ki, heç bir hiss-həyəcanı yoxdur. Dişini təmizləyə-təmizləyə, özünə arxayın şəkildə dedi ki, heç nə olmayıb, 1-2 “brosok” (atma) olub. Polislərə də ona arxayın olub dedim ki, niyə bu adamı tutursunuz, günahı yoxdur axı. Fikirləşdim ki, 1-2 “brosok”dan ona heç nə ola bilməz. Polislər onu maşına qoyub apardılar...

- Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (İOEUGİŞM) direktoru Fuad Aslanov deyir ki, namaz qılan olub...

- Yox, namaz qılmayıb. Mən namaz əhliyəm, bəlkə də, çoxu ona görə belə bilir. Amma onun avaraçılığı filan yoxdur, hər yerdə özünə hörmət qazanıb. Sadəcə, yarışa 5-10 gün qalmış onun əsəbləri korlanırdı. Əsəbləri zəif idi. Heç vaxt onun emosiyalarını formaya sala bilməmişəm. Yoxsa, o, idmançı kimi bir neçə dəfə dünya çempionu olardı.

- Deməli, özündən tez çıxırdı?

- Bəli. Elə olanda deyirdim ki, gedə bilərsən. Məşqdən azad edirdim. Ona deyirdim ki, yarışa 40 gün qalmış zalda ol, səni super formaya salacağam. Həmişə ona deyirdim ki, gülməli şeylərə bax, yan-yörəndə dərd-sərini danışan adamlardan uzaq qaç ki, beynin yüklənməsin, başın şişməsin. İstəyirdim ki, əsəbləri qaydasında olsun. Bəzən çayxanada onunla oturub bu barədə məsləhət verirdim. Onun yeganə mənfi cəhəti emosiyalarını cilovlaya bilməməsi idi. Deyirdim ki, bu Avropa çempionatı son şansındır. Get Avropa çempionu ol. 4 nəfərə 18 kvadrat metrlik evdə qalırlar. Mehmanın qardaşı da məndə samboda məşq keçib. Bu cinayət olmasaydı, bəlkə də ilin sonunda ona ev veriləcəkdi.

- Məlum videonu gördükdən sonra sizə necə təsir bağışladı?

- O videonu görəndən sonra həmin gün yata bilməmişəm. Bəlkə də, ayaqüstü infarkt da keçirmişəm. Ölən adamın mənə də uzaq qohumluğu çatır... Babası Ələsgərlə yas yerində görüşdüm. Bir növ tələbəmə görə üzrxahlığa getmişdim. Amma ora gedəndə hələ videonu görməmişdim. Atası 1976-cı il təvəllüdlüdür, dedi ki, bağışladım Mehmanı. Babası da dedi ki, onluq bir şey yoxdur. Onda hələ video yayılmamışdı. Həmin gün axşam ABŞ-dən – Bostondan “Nasosnı” uşaqları mənə həmin videonu atdılar ki, bunu görmüsən?! Videonu görən kimi, az qaldı ürəyim dayansın. Mən onadək Mehmanı müdafiə edirdim. İOEUGİŞM-in Pedaqoji Şurasında da tələbəmi müdafiə etmişdim, demişdim ki, təqsiri yoxdur. Videodan sonra gördüm ki, səhv etmişəm. Babasına da səs atdım ki, bu adamın günahı var, cinayətkardır. İndi onu hər yerdə söyürlər, təbii ki, düz edirlər. Amma tələbəm olduğu üçün çox pis oluram.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı