Qoyun əti quzu əti ilə müqayisədə vitaminlərlə daha zəngindir

Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Gəlirli və az zəhmət tələb edən sahə olduğuna, eləcə də əhali tərəfindən qoyun əti daha çox istifadə edildiyinə görə respublikamızın bütün bölgələrində qoyunçuluğa xüsusi diqqət yetirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Qiyasəddin Cəlladovun hazırladığı elmi məqalədə bəhs olunur.

Ölkəmizdə uzun illərdir seleksiya yolu ilə qiymətli qoyun cinslərinin genefondu yaradılıb. Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Azərbaycan dağ merinosu, Qala, Bozax, Ləzgi, Herik, Gödək, Mazex, Şirvan və digər qoyun cinsləri ətlik-südlük-yunluq istiqamətli olmaqla, əhalinin ərzaq təminatında böyük rol oynayır. İstehsal olunan məhsulun növ müxtəlifliyinə görə, heyvandarlıq sektorunda qoyunçuluq birinci yeri tutur. Qoyunun ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Məlumatlara görə, Azərbaycanda mövcud olan qoyun cinslərinin məhsuldarlıq göstəriciləri yüksək genetik potensiala malikdir.

Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında 10 faizə qədər azalma müşahidə edilib. Statistik məlumatlara görə, 2016-cı ildə ölkəmizdə qoyunların sayı 8 milyondan çox olduğu halda, 2022-ci ildə həmin göstərici 7 milyon 314 min 200 təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda isə Azərbaycanda qoyunların sayının son illərdə azalması ilə yanaşı, heyvanların diri çəki artımı və cəmdək çəkisindəki mənfi tendensiyalar barədə məlumatlar da öz əksini tapıb. Həmçinin hesabatda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə əlaqədar olduğu göstərilib. Bunlar yem bitkilərinin əkilməsi üçün istifadə edilən sahələrin azalması, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, işğaldan azad edilmiş otlaqlara kifayət qədər çıxışın olmaması və tələblə təklifin dəyişməsi fonunda tələbin artmasıdır. Odur ki, qoyunların sayının azalmasının qarşısını almaq, həmçinin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq məqsədilə bu sahənin yarımintensiv və intensiv metodlarla inkişaf etdirilməsi strategiyası əsasında müasir qoyunçuluq sektorunun yaradılması təşəbbüsü müsbət qiymətləndirilir. Strategiyada damazlıq işlərinin aparılması ilə yanaşı, yerli genefondların qorunması da əsas prioritetlərdən hesab olunur.

Bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, əhalinin tələbatı əsasən cavan qoyunların ətinə olduğu üçün ölkəmizdə daha çox 6-15 aylıq heyvanlar kəsilir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir. Digər tərəfdən cinsi yetişkənlik dövründə olan cavan heyvanların kəsimi yerli qoyunçuluqda mövcud genefondun deqradasiyaya məruzqalma təhlükəsi yaradır. Odur ki, problemin aktuallığı nəzərə alınaraq, cinsi yetişkənlik dövründə olan 6-15 aylıq heyvanların, xüsusilə dişi qoyunların kəsiminin qarşısının alınması istiqamətində tənzimlənmələrin, yəni heyvanların yaş həddi ilə bağlı kəsiminə dair məhdudiyyətlərin və qadağaların tətbiq olunmasının həyata keçirilməsi zəruri hesab edilir. Bununla ölkədə qoyunların baş sayının və onlardan əldə olunan ərzaq məhsullarının artımına, diri qoyun, eləcə də qoyun əti və piyinin idxalının azaldılmasına, diri qoyun və qoyunçuluq məhsulları üzrə ixrac potensialının artırılması hesabına isə ölkə iqtisadiyyatında müsbət tendensiyalara nail olmaq mümkündür. Həmçinin əhalinin qoyun ətinin xüsusiyyətləri və istehlakına dair maarifləndirilməsi də cavan heyvanların erkən yaşda kəsiminin azaldılmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, kaloriliyi yüksək olan (190-300 kkal/100q) qoyun ətinin qida dəyərliliyi tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Qoyun ətinin tərkibindəki zülalların çox hissəsi mioqlobin, miogen, miozin, aktin, mioalbumin və digər sadə fraksiyalardan təşkil edildiyi üçün qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm ediləndir. Mioqlobinin miqdarından asılı olaraq, qoyun ətinin rəngi solğun çəhrayıdan (quzu əti) tünd qırmızıya qədər (qoyun əti) dəyişir. Belə ki, quzularla müqayisədə yetkin və yaşlı qoyun ətinin tərkibində mioqlobin çox olur ki, bu da ətin rəngini tündləşdirir. Xoşagəlimli spesifik dad və qoxuya malik olmaq qoyun ətinin tərkibindəki kreatinin metabolizmi ilə bağlıdır və bu prosesin gedişatı qoyunların əzələ toxumasında daha intensiv xarakter daşıyır.

Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Qoyun əti quzu əti ilə müqayisədə daha zəngin qidalılıq tərkibinə malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR