"Azdrama" Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ("Azdrama") Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək.

Metbuat.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, 5-15 iyul tarixlərində baş tutacaq festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edəcək.

Festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq.

İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.

Festivalın repertuarında N.Dumbadzenin əsərləri və gürcü yazılı nümunələrinin səhnə təfsiri əsasında hazırlanan tamaşalar yer alacaq.

Teatr iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edəcək.

Teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın məşqində iştirak edib, festivalın beynəlxalq teatr mühitindəki önəmindən danışıb, kollektivə uğurlar arzulayıb.

Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər.

Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsəri müharibədən qayıdan, belində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

Tamaşanın rejissor baxışı və yozumu həmçinin sülhü, humanist ideyaları təbliğ edir, sənətin insan talelərini məhv edən müharibələrin əleyhinə olan qəti mövqeyindən çıxış edir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı