Vətəndaşlar şəxsi istifadə üçün xaricdən dərman gətirə bilər? - AÇIQLAMA

Son günlər Azərbaycanda dərmanların bahalılığı, apteklərdə dərman qıtlığı və keyfiyyətsiz məhsullarla bağlı fikirlər səsləndirilir. Vətəndaşlar bildirirlər ki, apteklərdə satılan dərmanların keyfiyyəti aşağıdır. Bu səbəbdən daha çox xarici ölkələrdən dərman vasitələri gətirməyə üstünlük verirlər.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib ki, Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

"Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaricdən gətirə bilər".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) keçirilə bilər.

Məlumatda həmçinin bildirildi ki, qanunla fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı, fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

Həmçinin qeyd olunub ki, Azərbaycana və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlərə gəlincə:

Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunları, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-cü il tarixli 960-IIQ nömrəli Qanunu və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-ci il tarixli 180-VQ nömrəli Qanunu (https://e-qanun.az/framework/32588) ilə tənzimlənir.

Həmçinin qeyd edilib ki, "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı