TDT-yə üzv dövlətlərin nazirləri Bakıda kommünike imzaladılar

Türk Dövlətlərinin kənd təsərrüfatı nazirləri platforması Azərbaycanın təşkilata 2 il müddətində sədrlik etdiyi dövrdə aqrar sahədə üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədilə bizim təşəbbüsümüz əsasında yaradılıb.

Metbuat.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin 2-ci iclasında bildirib. Onun sözlərinə görə, Kənd təsərrüfatı üzrə məsul nazirlərin ilk iclası Özbəkistanda, ikinci iclası isə Bakıda təşkil olunub:

"Biz kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə təşkilata üzv dövlətlərlə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və suyun səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib. Bütün bu qeyd etdiyim istiqamətlər bugünkü iclasımızın sonunda həmkarlarımla birgə imzaladığımız kommünikedə öz əksini tapıb.

Bununla yanaşı, biz Azərbaycan tərəfi olaraq türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı (OTS-Made) kimi ideyalarımızı və təkliflərimizi TDT-yə üzv ölkələrə təqdim etdik və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə etdik. Maraqlı təkliflərimizdən biri də TDT ölkələrinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi idi. Rotasiya qaydasında ölkələrimiz arasında dəyişərək hər dəfə yeni şəhərlər bu statusu qazanmaq imkanı əldə edəcək və bu adı iftixar hissi ilə daşıyacaq", - deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR