​Dünya Robot Olimpiadasında tarix yazan gənc şəhid polkovnik-leytenantın oğludur - FOTO

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın “Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Metbuat.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Hacı Hacıyev Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir.

O, bu ilin 1-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən VI Robot olimpiadasında “Future İnnavation” (Junior) kateqoriyası üzrə I yerə layiq görülüb.

Noyabrın 7-dən 9-dək Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edən şəhid övladının da yer aldığı Zaqatalanın “Village boys” komandası 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Xatırladaq ki, polkovnik-leytenant Abakar Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Abakar Hacıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı