“Azərbaycan ABŞ-nin bu riyakarlığını heç vaxt unutmayacaq” - Deputat

Xəbər verdiyimiz kimi, noyabrın 15-də ABŞ Senatı ermənilərin zorla Qarabağdan qovulduğunu iddia edən sənədi qəbul etdi. Vaşinqtonun bu riyakarlığına cavab olaraq Azərbaycan Milli Məclisi ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd edilir ki, Milli Məclis ABŞ Senatının bu aktı qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti qəti şiddətlə qınayır.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bildirdi ki, Azərbaycanın nə ABŞ, nə də onun konqresi qarşısında heç bir öhdəliyi yoxdur.

Ölkəmizin müstəqil siyasət yürütdüyünü vurğulayan millət vəkilinin sözlərinə görə, ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqaz, nə də ki Mərkəzi Asiya siyasəti olmayacaqdır. Çünki burada əsas söz sahibi və açar ölkə birmənalı olaraq Azərbaycandır:

“Bu gün dünyanın müxtəlif yerlərində baş verən böyük kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələri və nəticə etibarilə də milyonlarla insanın tələf olması, vətənsiz qalması ABŞ-nin iştirakı və rolu ilə baş vermişdir. Liviyada, Suriyada, İraqda, Əfqanıstanda yaranmış indiki acınacaqlı vəziyyət birbaşa ABŞ-nin ssenarisi ilə həyata keçirilmişdir. 21 il Əfqanıstanı işğal altında saxlayan bu ölkə mənafeyi üçün narkoplantasiyaların geniş sahələrdə salınması ilə yadda qaldı. Əfqan xalqını tamamilə ac vəziyyətə gətirdi və burada bu illər ərzində heç bir yol, infrastruktur, məktəb tikintisini həyata keçirmədi. ABŞ Əfqanıstanı tərk etdikdən sonra ölkədə bu plantasiyaların həcmi 20 dəfədən çox azaldı. Bu gün müxtəlif yerlərdə baş verən hadisələri, o cümlədən Qəzzada, Rusiya, Ukrayna böhranında birbaşa bu qarşıdurmaların ssenari müəllifi və onları alovlandıran ölkə məhz Amerika Birləşmiş Ştatlarıdır. Onlar çalışırlar ki, məhz bu inqilabların davamını Azərbaycanda həyata keçirsinlər. Onların bu istəkləri iflasa uğrayacaqdır”.

Millət vəkili xatırlatdı ki, 30 ilə yaxın bir müddətdə gördük ki, ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə bağlı hər hansı bir qətiyyətli addım atmadı.

Cavid Osmanov ABŞ-nin Azərbaycana qarşı 1992-ci ildə 907-ci düzəlişi qəbul etdiyini xüsusilə qeyd edərək dedi ki, xalqımız Vaşinqtonun bu riyarkarlığını heç vaxt unutmayacaqdır:

“Konqresdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Birincisi, Azərbaycanın belə yardıma ehtiyacı yoxdur, Azərbaycan güclü bir ölkədir. Xüsusi qeyd etmək lazımdır ki, qərəzli mövqe nümayiş etdirən ABŞ-ın ölkəmizdəki bu şəbəkələri ümumilikdə təmizlənməlidir. USAID kimi təşkilatların fəaliyyəti dayandırılmalı və heç kəs belə təşkilatlarla əməkdaşlıq etməməlidir”, -sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı