“Real Madrid” bu mövsümün sonunda Kilian Mbappe ilə birlikdə Erlinq Haalandı da heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, “Real” yeni Los Qalaktikosunu qurmağı planlaşdırır. Məlumata görə, Karlo Ançelottinin müqaviləsini yeniləyən “Real”ın yeni hədəfləri Mbappe və Haalandır. “AS” qəzetinin məlumatına görə, Erlinq Haalandın müqaviləsindəki bənd səbəbiylə “Real Madrid”in mövsümün sonunda onu transfer edə biləcəyi bildirilib. Haalandın “Real”a keçməyə razılıq verdiyi qeyd edilib. Erlinq Haaland Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olduğu zaman müqaviləsinə fərqli azad etmə maddələrini qeyd edib. Qeyd olunub ki, Premyer Liqada çıxış edən komandalar üçün onun sərbəst qalma məbləği 200 milyon avroya yaxın olsa da, digər liqalardakı komandalar üçün isə bu məbləğ daha aşağıdır.
Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə razılığa gəldiyi və müqavilə imzalamaq üzrə olduğu bildirilib.