Bu qidalardan tamamilə imtina etmək olmaz - Ehtiyatlı olun

“Həkimlər sağlam qidalanmaq dedikdə xüsusilə balanslaşdırılmış qidalanmanı nəzərdə tuturlar. Sağlam qidalanmağın ən sadə metodu isə mövsümi meyvə-tərəvəzdən bol istifadə etmək, doymamış, bitki mənşəli yağlara üstünlük vermək, şəkər və duz istehlakını normada saxlamaqdır”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı mütəxəssis-ekspert, qastroenteroloq Emin Məmmədov deyib. O qeyd edib ki, 40 yaşa qədər insanlara proteinli qidalar məsləhət görülür: “Ancaq 40 yaşdan sonra əsasən meyvə-tərəvəz yeyilməlidir. Çünki qocaldıqca bədənin antioksidanta ehtiyacı var. Həmin antioksidantlar isə meyvələrin tərkibindədir. Zülalları isə daha çox quş əti və dəniz məhsullarından almaq olar”.

Mütəxəssis artıq çəkidən qurtulmaq üçün ciddi iradəyə ehtiyac olduğunu deyib: “Ən sevdiyimiz qidaları belə qədərində istehlak etmək lazımdır. Eyni zamanda, müəyyən qədər yedikdən sonra həmin kaloriləri yandırmaq məsləhət görülür. Bunu isə fiziki aktivlik ilə əldə etmək mümkündür. Təmiz havada yürüş etmək, bəsit idman hərəkətləri kalori yandırmaqla yanaşı, insana enerji verir. Xatırlatmaq istərdim ki, artıq çəkidən əziyyət çəkən insanların bir çoxunda psixoloji problemlər də yarana bilər. Evdə uzun müddət vaxt keçirdikdə insan acır. Xüsusilə, şəkərli qidalarda orqanizmdə dopamin hormonunu artırır. Dopamin hormonu isə insanı yeməkdən asılı hala salır”.

Qastroenteroloq Ramazan ayında oruc tutmağın orqanizmdə yaratdığı müsbət təsirlərdən danışıb: “Oruc tutan insan bol miqdarda kalori yandırır və bədən artıq yağları əridir. Xatırlamaq lazımdır ki, un, duz, şəkər ümumiyyətlə zərərli qidalardır. Ancaq bunlardan tamamilə imtina etmək də olmaz. Həmin şəkəri meyvələrdən almaq ən yaxşı variantdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı