Büdcədə 822 milyon profisit yaranıb - Maaşlar artırılacaq?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % və 28,1 % çoxdur. Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3 % və yaxud 2,1 dəfə azdır.

Büdcə profisiti barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, büdcəyə gələn pullar xərclənən pullardan çox olduğu üçün büdcə qalığı formalaşır:


“Büdcə profisitinin müsbət və mənfi tərəflərini müəyyən etmək üçün öncə səbəblərini araşdırmaq lazımdır. Büdcə profisiti hər şey demək deyil. Lazımlı xərcləri etmədən də büdcə profisitinə nail ola bilərsən, amma bu o qədər də yaxşı hesab olunan vəziyyət deyil. Əgər büdcə profisiti gəlirlərin artımı fonunda baş verirsə, bu, yaxşı hal sayılır. Amma gəlirlərin mənbəyi də müzakirə ediləsi mövzudur. Neftin qiymətinin artması hesabına büdcə profisiti yaranarsa, bu da ölkə iqtisadiyyatının stabilliyinə dəlalət etmir”.

İqtisadçı deyib ki, qarşıdakı aylarda dövlət büdcəsinin profisiti hesabına əmək haqqı və sosial müavinətlərin artırılması ilə bağlı fikirlər reallığı əks etdirmir:

“Birinci rübdə qeydə alınan büdcə profisitinin mənbəyini bilmədən bu addımı atmaq olmaz. Ola bilərki ikinci rüb defisitli olsun. Əmək haqqı və sosial müavinətlərin artırılması qərarı verilərsə, bu, davamlı olmalıdır. Hansısa büdcə profisiti qərarı əsas vermir ki, əmək haqqları artırmalıdır. Ümumiyyətlə, əmək haqqı, sosial müavinətlərin artımı qərarı tamam başqa analizlərdən keçirilməlidir ki, stabil davamlı olsun”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı