Azərbaycan qazı Ermənistana niyə lazımdır? - AÇIQLAMA

Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlamasında bildirib ki, Bakı ilə qaz alqı-satqısı məsələsini müzakirə etməyə hazırdırlar.

Simonyan qeyd edib ki, onlar bu məsələyə çox müsbət baxırlar və müzakirə etmək niyyətindədirlər.

Məsələnin siyasi tərəfləri barədə Metbuat.az-a açıqlama verən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycanla Ermənistan arasında olan münaqişəli məsələlər arxada qala bilər:


“Əgər Ermənistanın buna iradəsi varsa, biz bu məsələləri arxada qoyub, yeni səhifələr açıb davam edə bilərik. Yeni səhifə anlayışı müharibə deyil, əməkdaşlığa istiqamətlənib. Burada əsas yeri iqtisadi, xüsusilə elektrik və qazla təminat kimi məsələlər tutur. Düşünürəm ki, ticarət, nəqliyyat, kommunikasiya istiqamətində əməkdaşlıq üçün siyasi əlaqələrin də qurulmasına təkan verən amil olmalıdır. Əgər Ermənistan Azərbaycanla münaqişəyə, hansısa təxribata getməsə, erməni xalqı da bu siyasi əlaqələrdən fayda gördüyünə əmin olub, həmin radikal qüvvələrə yox deməyi bacaracaq. Bu, gələcəkdə siyasi əlaqələrin qurulması, Ermənistanın iqtisadiyyatının güclənməsinə təkan verə bilər”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməyib.

İqtisadçı Natiq Cəfərli məsələyə iqtisadi tərəfdən münasibət bildirib. O qeyd edib ki, Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşündüyü üçün rəsmi İrəvan alternativ qaz mənbələri axtarır:


“İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər. İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir. Bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir. Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər.

Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı