"Müharibə neçə ildir bitib, bir sanballı film çəkilməyib" - Yasin Qarayevlə MÜSAHİBƏ

“Seriallara baxmıram. Qoy Qarabağ müharibəsindən, o mövzunu əhatə edən, bizim şəhidlərimizin həyatından bəhs edən film və seriallar çəkilsin. Görün nə qədər şəhidlərimiz, qəhrəmanlarımız var. Yəni onların haqqında bir film çəkmək müşkül məsələdir?”

Bu sözləri Metbuat.az-a müsahibəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru, Xalq artisti Yasin Qarayev deyib. Həmin müsahibəni təqdim edirik:

- Yasin müəllim, özünüzü necə hiss edirsiniz, işləriniz necə gedir?

Pis deyiləm. Özümü də yaxşı hiss edirəm. İsti havalardan da istifadə edərək, bu çox sevdiyim Xəzərin sahilində, Pirşağıda balaca bir bağ evi var, ora gəlmişəm. Amma işlə əlaqədəyəm, hər gün telefonla danışıram. Cədvəlimizdə olan dəyişiklikləri izləyirəm, məşqə çağırırlarsa, məşqə gedirəm.

- Həmkarlarınızın tamaşalarında iştirak edirsiniz?

Yoldaşlarımın təhvil verdikləri tamaşalarda mütləq şəkildə iştirak edirəm. Çünki, Bədii şuranın üzvüyəm, orada söz deməliyəm. Öz tövsiyələrimi dostlara çatdırmalıyam.

Dünən bir tamaşaya baxmışam, bu gün də yəqin ki, gedəcəyəm. Dünənki tamaşa Nofel Vəliyevin Sofoklın faciəsi əsasında hazırladığı tamaşadır - "Antiqona". Bizim gənc aktyor və aktrisalarımız oynayır. Onlardan Aygün Fətullayevanı mən özümə tələbə sayıram. Çox bacarıqlı qızdır, çox istedadlıdır. Antiqonanı o oynayır. Ümumyyətlə son vaxtlar sənət nöqteyi-nəzərindən teatrımızda bir canlanma var.

- Hazırda hansı tamaşalarda rollarınız var?

Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasında Hacı Naib ağanı oynayıram. Mehriban Ələkbərzadənin "Kod adı: "V. X. A." və ya "Kod adı "Vətən xainlərinin arvadları" tamaşasında Konvoy rəisini oynayıram. Məzuniyyətə çıxmağımızdan bu yana mənim oynadığım tamaşalar demək olar dayandırılıb, bir də yeni mövsümdən olacaq. Amma teatrımız fəaliyyətdədir, tamaşalar davam edir.

- Bizdə teatrdan danışanda ilk ağıla gələn problem o olur ki, teatra gedən yoxdur...

Deyirlər teatrlara gələn yoxdur. Necə gələn yoxdur? Mən inzibatçımıza zəng edirəm ki, "Antiqona" tamaşasına baxmaq istəyirəm, yaxud Nicat Kazımovun "Leyli və Məcnun" tamaşasına qonaqlarım var. Görürəm üzrxahlıqla deyir ki, bu gün yoxdur, sabah olsa olar? Soruşuram niyə bu gün yoxdur ki? Deyir hamısı satılıb. 350 yerimiz var, yer olmur. Kim deyir tamaşaçı gəlmir? Xeyr. Tamaşaçı gəlir və iştirak edir. Bizim teatrda tamaşaçı problem yoxdur.

Mən bütün ziyalılarımıza tövsiyə edirəm ki, gəlib tamaşalara baxsınlar. Söz-söhbətlər yaranır, başqasının ağzından eşidib deyirlər ki, tamaşaçı yoxdur. Bu gün məsələn, "Balaca kişilər" adlı tamaşa var, İlqar Fəhminindir. Nicat Kazımov hazırlayıb. Əsər İkinci Qarabağ müharibəsindən bəhs edir, gəlin görün onu aktyorlar necə oynayırlar. Mən fürsətdən istifadə edərək, İlqar Fəhmini də, Nicat Kazımovu da təbrik edirəm.

Bilirsiniz, biz neçə vaxtdır qələbə qazanmışıq, şəhidlər vermişik, bu vaxta qədər hələ bir samballı filmimiz yoxdur. Təsəvvür edin, Ukrayna-Rusiya müharibəsi hələ davam edir, kimin qələbə qazanacağı məlum deyil, amma Rusiyada artıq bu müharibə haqqında filmlər çəkilir, nümayiş etdirilir.

- Filmlərdən söz düşmüşkən, uzun illər televiziya tamaşalarında yer almısınız, bəs indi ekranlarda yayımlanan film və seriallarımızı izləyirsiniz?

Seriallara xeyr, baxmıram, baxmayacam da. Qoy Qarabağ müharibəsindən, o mövzunu əhatə edən, bizim şəhidlərimizin həyatından bəhs edən film və seriallar çəkilsin. Görün nə qədər şəhidlərimiz, qəhrəmanlarımız var. Yəni onların haqqında bir film çəkmək müşkül məsələdir?

- Son illər çəkilən film və seriallarımız başqa nüanslara görə də çox tənqid edilir...

Düzü mən seriallara çox baxmıram. Mən cavanlıq vaxtlarımda ən çox televiziya tamaşalarında oynamışam. AzTV-də 25-30 televiziya tamaşasında yer almışam. Mənim yadımdadır ki, bizim dövlət televiziyasının rejissorları - məsələn, Ramiz Həsənoğlu, Məhərrəm Bədirzadə, Tariyel Vəliyev kimi rejissorlar həmişə gedib bizim teatrlarda tamaşalara baxırdılar. Orada hansısa aktyoru gözaltı edirdilər ki, öz tamaşalarında çəksinlər. Bir-bir tamaşaları gəzib, aktyor seçirdilər.

İndi bizim serial çəkənlərin birini də görməmişəm bizim tamaşalarda. Kimisə çəkir, o kimsə də birini məsləhət görür ona ki, bu yaxşıdır. Ola bilər həqiqətən də yaxşıdır. Amma mən istəyirəm ki, rejissor özü gəlsin, aktyoru fərqləndirsin, seçsin. Axı hər aktyor hər rolda oynaya bilməz.

- Son vaxtlarda ən çox tənqid edilən işlərdən biri də "Alatava" serialı oldu.

"Alatava" serialını görməmişəm. Yaş da öz sözünü deyir, vaxt da. Bütün seriallara da baxmaq olmur. Bizim aktyorlar da orada iştirak edirlər. Zemfira Əbdülsəmədova var, çox gözəl aktrisadır. İnanmıram ki, Zemfira pis oynasın, onun pis oynadığı obraz yoxdur, inanın mənə.

O dedi-qoduya səbəb olan serial barədə bizim böyük aktyorumuz Rasim Balayev də danışdı. O da bildirdi ki, baxmayıb və sonra baxdı, xoşuna gəldi. Mən də deyirəm ki, orada yaxşı aktyorlar çəkilir, deməli yaxşıdır. Düzdür, söyüşü mən də qəbul etmirəm. İstəmərəm ki, filmdə, ekranda söyüş olsun. Ola bilər samballıdır, yaxşıdır, aktyorları da yaxşıdır. Amma bədii cəhətdən yüksək keyfiyyətdə də olsa, filmdə söyüşü qəbul edə bilmərəm.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı