Kaşuku istirahət üçün Bakıya gəlibmiş - "Qarabağ"ın transferinin DETALLARI

"Qarabağ" Aleksey Kaşukla 3 illik müqavilə imzaladı.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Ağdam təmsilçisinin uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu uzun müddətdir ki, Azərbaycandadır.

Xatırlayırsınızsa, Kaşuk Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Linkoln" matçında oyunu tribunadan izləyirdi. Oyundan sonra mediaya açıqlamasında Qurban Qurbanov ukraynalı ilə danışıq aparmadıqlarını söyləmişdi.

Bəs, nə oldu ki, Kaşuk karyerasını "Qarabağ"da davam etdirdi? Məsələ ilə bağlı maraqlı informasiya daxil olub.

Əslində Kaşuk Azərbaycana istirahət etmək üçün gəlmişdi. Ukraynalının meneceri 3 xarici klubla danışıq aparıb. Lakin bunların heç biri baş tutmayıb. Sonradan futbolçu özünü Ağdam təmsilçisinə təklif edib. Klub rəhbərliyinin və baş məşqçinin qərarından sonra ukraynalının transferi həyata keçib.

Əslində, "Qarabağ" üçün bu "transfer pəncərəsi" bağlanmışdı. "Köhlən atlar" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətində olmayıb. Lakin Kaşukun özünün müraciət etməsi, həm də şərtlərin Ağdam təmsilçisinə uyğun olması klubun işinə yarayıb. Uzun müddətdir ki, normal sağ cinah vingeri axtaran ağdamlılar üçün ukraynalının müraciəti göydən düşmə olub.

Qeyd edək ki, Kaşuk "Sabah"ın heyətində 41 matçda 18 qol vurub, 12 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı